Avstraliya Baş naziri Makronla görüşdən imtina etdi

BMT Baş Assambleyasının 76-cı sessiyasına qatılmaq üçün ABŞ-yə gedən Avstraliya Baş naziri Skott Morrison Fransa Prezidenti Emmanuel Makronla görüşmə planının olmadığını bildirib.

Yenicag.az xəbər verir ki, Fransanın Avstraliya və ABŞ səfirlərini məsləhətləşmələr üçün geri çağırdığını bildirən Baş nazir rəsmi Parisin məyusluğunu başa düşdüyünü deyib.

“Hazırda bunun üçün (görüş – red.) bir fürsət yoxdur . Bu fürsətin zamanla gələcəyindən əminəm. Amma hazırkı məyusluğunu başa düşürəm. Parisə geri dönən səfirlərlə məsləhətləşmələr aparırlar. Bu məsələdə səbrli olacağıq”, – deyə Morrison qeyd edib.

Xatırladaq ki, ABŞ, İngiltərə və Avstraliya yeni təhlükəsizlik tərəfdaşlığı – AUKUS müdafiə ittifaqını yaradıblar. Bundan sonra Avstraliya fransız sualtı qayıqlarını almaqdan imtina edib.