“Bu, Azərbaycan üçün hərbi-siyasi bir uğurdur” – İrəvan Bakı ilə məlumat mübadiləsi APARACAQ
“Bu, Azərbaycan üçün hərbi-siyasi bir uğurdur”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.
Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında artıq atəşkəs rejiminin pozulması ilə bağlı məlumat mübadiləsi aparıldığı bildirilir. İrəvan Bakının təqdim etdiyi hesabatlarla bağlı aparılan araşdırmanın nəticələrinə dair məlumatları Azərbaycana göndərib.
Mövzu şərh edən politoloq Ermənistanın bu addımını yüksək qiymətləndirib:
“Nisbi sərhəddə belə bir görüşün baş tutmasının özü çox ciddi bir göstəricidir. Bu hansı qaranlıq məqamlara aydınlıq gətirir? Birinci növbədə, bu faktın özü sübut edir ki, vasitəçilik etmək istəyən üçüncü tərəfə ehtiyac yoxdur. İkincisi, beynəlxalq səviyyədə bu yöndə atəşkəsin pozulması üçün yaradılacaq mexanizmlərə ehtiyac yoxdur. Bu da proseslərə kənar müdaxilələrin qarşısını alır. Əgər bu gün qarşılıqlı olaraq kimin nə zaman, hansı səviyyədə, hansı məkanda atəşkəsi pozması haqqında konkret kəşfiyyat məlumatları qarşılıqlı olaraq ötürülür, təsdiq olunur və bunun səbəbləri aydınlaşdırılır, habelə bunun qarşısını almaq üçün konkret qərarlar, göstərişlər verilirsə, bu, ən böyük nəticədir”.
N. Miri diqqətə çatdırıb ki, həqiqətən də bu hərbi-siyasi bir uğurdur:
“Düşmən olmaqlarına rəğmən, bu gün sivil qaydada, əgər tərəflər sərhəddə görüşüb danışa bilirlərsə, deməli, problemləri həll etmək imkanı rasionallığı mövcuddur. Qarşı tərəfdə ən azından istək mövcuddur. İstək olduğu təqdirdə bütün problemləri həll etmək imkanı qapıları açılır. Gələcəkdə bu cür atəşkəsin pozulmaması üçün intensiv diplomatik kanalların açıq olması həm hərbi toqquşmaların, həm də münasibətlərin yenidən gərginlik müstəvisinə daşımasının qarşısını alacaq”.
Yenicag.az