Ermənistanın BARTER TƏKLİFİ: “Kərki və Qazaxın digər kəndləri qaytarılacağı təqdirdə...”
“Ermənistanın barter təklifinin əsas səbəbi budur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Asif Nərimanlı deyib.
O, Azərbaycan və Ermənistan arasında anklavlar məsələsi barədə fikirlərini səsləndirərkən deyib ki, bu, mürəkkəb prosesdir:
“Qazaxın indiyə qədər anklav olmayan 4 kəndi sərhəddə yerləşdiyi üçün qaytarılması prosesi daha asan şəkildə başa çatdı. Ancaq digər kəndlərin qaytarılması delimitasiya prosesinin tərkib hissəsi kimi qalmaqdadır. İndidən sonrakı əsas məsələ həmin kəndlərin qaytarılacağı təqdirdə çıxışın necə təmin ediləcəyidir. Ən uyğun variant dəhlizlərin açılmasından ibarətdir. Lakin Azərbaycan və Ermənistan arasında etimad mühitinin olmaması dəhlizin də təhlükəsizliyini şübhə altına salır. Hətta sülh müqaviləsi imzalansa belə Ermənistandakı revanşistlərə görə düşmənçilik qalmaqdadır”.
Onun sözlərinə görə, əlavə olaraq üçüncü tərəflərin təhlükəsizliyi üstlənməsi də variantlardan biridir:
“Lakin İrəvan və Bakı prosesləri ikitərəfli formatda həll etməyin tərəfdarıdır. Qısacası, proses uzunmüddətlidir. Həmçinin barter təklifi ortadadır. SSRİ dövrü Başkənd kəndi kimi bir çox ərazilərimiz ermənilərə verilib. İndi də proseslərin həmin dövrün xəritələrinə uyğun irəliləməsini istəyirlər. Bu, bizə sərf etmir, çünki sözügedən kənd bizimdir. Bizim olanlarla yenə də bizim olanı barter etmək doğru deyil”.
“Kərki və Qazaxın digər kəndləri qaytarılacağı təqdirdə Ermənistanın lazımlı magistral yolları nəzarətimizə keçəcək. Eyni zamanda. ermənilər gəlib Başkənddə yaşayan da deyillər. Bunu onların cəmiyyətdə keçirdiyi sorğular da təsdiq edir. Ermənistanın barter təklifinin də əsas səbəbi budur. Bir sözlə, uzun müddətli prosesin içindəyik”, – deyə o bildirib.
Nəsimi Ələsgərli