Ukrayna nəzarət zonalarına BÖLÜNÜR? – “Qərbdə Fransa, Böyük Britaniya, şərqdə isə Rusiya...”
“Gələcəkdə Ukrayna İkinci Dünya müharibəsindən sonrakı Berlin kimi nəzarət zonalarına bölünə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın ehtimal olunan bölünməsi barədə təhlil aparan siyasi ekspert Katerine Viner yazıb. Təhlildə qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın nümayəndəsi general Keyt Kelloq Ukraynanın gələcəkdə İkinci Dünya müharibəsindən sonrakı Berlin kimi nəzarət zonalarına bölünə biləcəyini irəli sürüb. Onun sözlərinə görə, Ukraynanın qərb hissəsində Britaniya və Fransa qoşunlarının iştirakı ilə təminat qüvvələri yerləşə, şərqdə isə Moskva qüvvələri nəzarəti ələ ala bilər. ABŞ isə bu bölgədə quru qoşunları təmin etməyəcək.
Analitik əlavə edib ki, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan əvvəl “Truth Social”da Rusiya tərəfinə xəbərdarlıq edərək müharibənin mənasız olduğunu və dərhal addım atmağın vacibliyini vurğulayıb: “Putin Vitkoffu Sankt-Peterburqda prezidentlik kitabxanasında salamlayıb və görüş 4 saatdan çox davam edib. Kremlin açıqlamasına görə, əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin nizamlanması olub. Eyni zamanda, Ukraynanın Qərb müttəfiqləri Kiyevə 21 milyard avroluq əlavə hərbi dəstək vəd ediblər və Putini atəşkəsə mane olmaqda ittiham ediblər”.
K. Viner həmçinin yazır ki, Ukrayna prezidenti Volodimir Zelenski Ramşteyn görüşündə çıxış edərək hava hücumundan müdafiəyə xüsusi diqqət yetirilməsini xahiş edib və əlavə 10 “Patriot” sistemi istədiyini bildirib: “O deyib ki, Ukrayna bu sistemləri almağa hazırdır və bu məsələni Donald Trampla da müzakirə edib.
Digər tərəfdən, ABŞ və Ukrayna rəsmiləri ölkənin mineral sərvətlərinə çıxışla bağlı gərgin atmosferdə görüşüblər, lakin danışıqların uğurlu nəticələnməsi ehtimalı aşağı qiymətləndirilib. Bu arada, Rusiya Ukraynaya 88 pilotsuz uçuş aparatı ilə hücum edib, Ukrayna isə onlardan 56-nı məhv edib”. “Amerika və qərb kəşfiyyat rəsmilərinin məlumatına görə, Rusiya tərəfində döyüşən yüzlərlə Çin vətəndaşı muzdlulardır və onların Çin hökuməti ilə birbaşa əlaqəsi yoxdur. ABŞ bu məlumatı Ukraynanın 2 Çin əsilli şəxsi ələ keçirməsindən sonra təsdiqləyib. Eyni zamanda, ABŞ və Rusiya Ukraynada yeni seçkilərin keçirilməsi üçün təzyiq göstərsələr də, Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk bildirib ki, ölkədə hərbi vəziyyətin davam etdiyi şəraitdə azad və ədalətli seçkilərin keçirilməsi mümkün deyil”, – deyə məqalədə bildirilib.
Nəsimi Ələsgərli