Xəbər verdiyimiz kimi, bu gün Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.
Yenicag.az İTV-yə istinadən xəbər verir ki, məhkəmə prosesində Vaqif Xaçatryan Birinci Qarabağ müharibəsi zamanı işgəncə verdiyi şəxslə üzləşib.
Həmin şəxs məhkəmədə Xaçatryana səslənərək “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” atdın ha, qaçdım dalınca… Tanıyarsan”, -deyib.
Xaçatryan ona diqqətlə baxıb, lakin cavab verməyib.
Həmin görüntüləri təqdim edirik:
***
11:01
Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri – Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçaturyanın ağlaması diqqət çəkib.
***
10:22
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayıb.
Yenicag.az xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilir.
***
09:24
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsi başlayır.
Yenicag.az xəbər verir ki, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçiriləcək.
İclasda təqsirləndirilən şəxsin və iş üzrə zərər çəkən 59 nəfərin anket məlumatları dəqiqləşdiriləcək.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
www.yenicag.az