AZAL təyyarəsinin vurulması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir
Qazaxıstan Nəqliyyat Nazirliyinin 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında “Azerbaijan Airlines” məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırması yekunlaşmaq üzrədir.
Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, bunu Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.
“Hadisənin cinayət hissəsi ilə Baş Prokurorluq, aviasiya insidentinin texniki araşdırması isə Nəqliyyat Nazirliyi məşğul olur. Nəqliyyat Nazirliyi artıq (öz araşdırmasının – red.) son mərhələsinə yaxınlaşıb. Hazırda mütəxəssislər xarici lisenziyalaşdırma strukturlarından – texnologiya və avadanlıqların, o cümlədən aeronaviqasiya sistemlərinin rəhbərlərindən rəy gözləyirlər. Bu sənədlər alındıqdan sonra nazirlik araşdırmanın öz hissəsini ya bu ilin sonuna qədər ya da gələn ilin əvvəlində tamamlamağa hazırdır”, – K.Bozumbayev qeyd edib.
O, hadisə ilə bağlı cinayət araşdırmasına aid hissədə müəyyən irəliləyişin olduğunu vurğulayıb: “Qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, növbəti ildə orada da (araşdırma – red.) tamamlanacaq”.












