Azərbaycan İrəvandakı bu tədbirdə iştirak etməyəcək
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.
Yenicag.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.
Tahir Mirkişili deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır:
“Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələri dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avsut ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığı inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən, İrəvanda keçirləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdirilmasi istiqamətində əməli addımlar da atılır”.












