!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunda NATO-Rusiya “sintez”i - Polkovnik danışır

!Reklam – Yazi

Azərbaycanlı kursantların Rusiyanın hərbi məktəblərində təhsil almaları NATO standartları əsasında qurulan Silahlı Qüvvələrimizdə taktiki-strateji planda müəyyən uyğunsuzluqlar yaradacağına dair müəyyən narahatlıq yaradıb.

Yenicag.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov Rusiyaya son səfəri zamanı azərbaycanlı zabit və kursantların adıçəkilən ölkənin hərbi məktəblərində təhsil aldığını deyərək, bu sahədə əməkdaşlığın daha da genişləndiriləcəyini vurğulayıb.

Müdafiə nazirinin bu açıqlaması Azərbaycan Ordusunda NATO, yoxsa Rusiya standartlarının tətbiqinə yönələn mübahisələri yenidən fəallaşdırıb. Bu məsələ ətrafında müzakirəyə qatılanlar fərqli hərbi sistemlər üzrə təhsil almış zabitlərimiz arasında uzlaşma və koordinasiya problemi yaradacağından narahatlıqlarını bildiriblər.

Eyni zamanda, Rusiyanın işğalçı Ermənistana hərtərəfli dəstək verdiyini əsas götürənlər bu ölkə ilə hərbi əməkdaşlığın Azərbaycan üçün faydalı olmayacağını qeyd edirlər. Onların fikrincə, ordumuzda fərqli ənənələrə malik hərbi məktəblərdə hazırlıq keçmələri müəyyən risklər də yaradır.

Mövzu barəsində Yenicaq.az-a danışan polkovnik Şair Ramaldanov hesab edir ki, azərbaycanlı kursantların fərqli hərbi sistemə malik ölkələrin məktəblərində təhsil almalarına problemli məsələ kimi baxmaq lazım deyil:

“Sualınıza birbaşa cavab vermək istərdim ki, NATO ölkələri və Rusiyanın hərbi məktəblərində təhsil alan zabitlərimizin fərqli hazırlıqlar keçməsi, bu səbəbdən də onların qarşılıqlı fəaliyyətindəki uyğunsuzluqların olmasına dair narahatlıq üçün əsas yoxdur.
Fikrimi sadə bir misalla izah edim. Azərbaycanda, Amerikada, yaxud da Rusiyada yaşayan riyaziyyatçılar arasında hansı fərq ola bilər. Mövcud olan riyazi əməllər, düsturlar və sair hər yerdə eynidir.

O baxımdan, burada əsas məsələ hansı ölkədə və hansı sistem əsasında təhsil almasından asılı olmayaraq, azərbaycanlı zabitlərin yüksək səviyyədə yetişməsidir.
Dediklərimdən o məna çıxmasın ki, NATO ilə Rusiyanın hərbi sistemləri arasında fərq yoxdur və azərbaycanlı kursantların harada təhsil almaları bizim üçün önəmli deyil. Sözsüz ki, fərq var.

Ancaq burada əsas məsələ qərargah planlaşdırmasının düzgün aparılmasıdır. Qalan məsələlər artıq belə deyək, fərdi hazırlıqdan asılıdır. Ona görə də əsas diqqət gənc kursantlarımızın yüksək səviyyədə təhsil almalarıdır. Hərb ən çətin elmlər sırasındadır və onun sirlərini dərindən mənimsəmək lazımdır. Əsas məsələ bu olmalıdır”.

Polkovnikin fikrincə, azərbaycanlı kursantların Rusiyanın hərbi məktəblərində təhsil almalarını şərtləndirən ciddi səbəblər var:
“Bildiyiniz kimi, Azərbaycanın hərbi arsenalının çox mühüm hissəsini Rusiya istehsalı olan müasir silahlar, raket-artilleriya sistemləri təşkil edir. Başqa sözlə, Rusiya Azərbaycanın silah aldığı əsas ölkələr sırasındadır.

Belə olan halda, həmin silah və texnika ilə düzgün davranılması, şəxsi heyətə o silahlardan istifadəni öyrədəcək kadrlara ehtiyac var. Bu səbəbdən, kursantlarımızın Rusiyada hərbi təhsil almaları həm də zəruridir.

Bu fikirləri NATO sistemi haqqında da deyə bilərəm. Azərbaycandan çox sayda kursant NATO üzvü olan dövlətlərdə, ilk növbədə Türkiyənin hərbi məktəblərində və akademiyalarında təhsil alırlar.

Onların da başlıca məqsədi təhsillərini yüksək səviyyədə başa vuraraq, öyrəndikləri bilik və təcrübəni Azərbaycan ordusunun daha da güclənməsinə sərf etmək olmalıdır.

Yenə o fikrimə qayıdıram ki, qərargah planlaşdırmasında (o cümlədən, hərbi əməliyyatların, döyüş tapşırıqlarının yerinə yetirilməsində) əsas göstərici hansı sistemdə təhsil almaq yox, peşəkarlıqdır”.

A.Zeynalov
Yenicag.Az

www.yenicag.az

1113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv