Azərbaycan Ordusunun Türkiyə modelinə keçidi: “Yeni reallıq ondan ibarətdir ki…” – HƏRBİ EKSPERT

“Xüsusi tapşırıqların yerinə yetirilməsi üçün əlavə xüsusi təyinatlı bölmələrə ehtiyac olacaq və çox güman ki, onlar da yaradılacaq. Bundan əlavə, mühəndis qoşunlarının həcminin artırılması baş verməlidir. Mühəndis tapşırıqlarımız həddindən artıq çox oldğu üçün əvvəlki mövcud struktur onu dəstəkləmirdi”.

Bunu Azərbaycan Ordusunun Türkiyə modelinə keçidi, hazırda baş verən proseslər, struktur və praktiki işlərin hazırkı vəziyyətini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

Elxan Şıxəliyev bildirib ki, Türkiyə modelinə keçidin planlama mərhələsi artıq başa çatıb:

“Azərbaycan ordusunun Türkiyə modelinə keçidinin önclə planlama, sonra isə təsdiqləmə mərhələsi var idi. Planlama mərhələsi yekunlaşıb, bütün proyeklər təsdiqlənib. Yeni ştat strukturunda əvvəlki qaydada olmayan bölmələrin yaradılmasına praktiki başlanılıb. Hərbi qurumların öncə ştat strukturu təsdiq olunur, ştat strukturuna uyğun bölmələr yaradılır. Bu proses başlayıb. Xüsusən də Türkiyə modelinə keçiddə bizdə əvvəlcə nə yox idisə, onun üzərində iş gedir. Bizim strukturlar doktrina olaraq Türkiyə modelinə keçmişdi. Hərbi akademiyada, hərbi məktəbdə təhsil, kitablar, ümumiyyətlə, elm olaraq Azərbaycan ordusu strukturları Türkiyə modelinə keçmişdi.

Quru Qoşunları mövcud idi, ancaq qərargahı yox idi. Quru Qoşunlarıının qərargahı təsdiqləndi, yaradıldı, komandanı, müavinləri təyin edildi. Hazırda Quru Qoşunlarının praktiki strukturu yaradılır. Əvvəl olan birlik, birləşmələr və hərbi hissələr Quru Qoşunlarına tabe olub. Quru Qoşunlarının yaradılması asan məsələ deyil. Bunun sənədləşməsi aylar aparacaq. Sıfırdan yaradılan qərargahdı, bunun əlaqələndirici sənədləşməsi ən azı 3-6 ay vaxt aparacaq. Orada elə hərbi sənədləşmələr var ki, sıfırdır, ancaq olmalıdır. Çox böyük sənədləşmə prosesi var. Hərbi xəritələr, hərbi qərarlar, həddindən artıq sənədləşmə prosesi var. Bu işə başlanılıb. Türkiyə mütəxəssislərinin Azərbaycana gəlişi planlama mərhələsi idi. Onlar kömək etdilər ki, bu, təsdiqə getdi. Sonrakı mərhələdə Türkiyədən olan zabitlərin, mütəxəssislərin mövcudluğu hərbi təlimlərin keçirilməsi, onların koordinasiyası, yerində iştirakı, nəzarətlə bağlıdır və onlar gəlirlər, gedirlər. Bundan əlavə, Azərbaycan ərazisində müharibənin aparılmasının yeni reallığı yarandı. Yeni reallıq ondan ibarətdir ki, düzənlikdən dağlıq əraziyə keçdik. Bizim klassik variantda təsəvvür etdiyimiz düzənlik ərazidə aparılan müharibə nəticə verdi, ancaq istənilən səviyyədə olmadı. Ona görə də, növbəti mərhələdə ştat strukturlarına əlavə Xüsusi Təyinatlı briqadaların yaradılması nəzərdə tutulacaq. Xüsusi Təynatlı briqadalar var idi. Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın dağlıq ərazilərdir. Bu ərazilərdə xüsusi tapşırıqların yerinə yetirilməsi üçün əlavə xüsusi təyinatlı bölmələrə ehtiyac olacaq və çox güman ki, onlar da yaradılacaq. Bundan əlavə, mühəndis qoşunlarının həcminin artırılması baş verməlidir. Mühəndis tapşırıqlarımız həddindən artıq çox oldğu üçün əvvəlki mövcud struktur onu dəstəkləmirdi. Bunların yaradılması üzərində praktiki işlər başlanılıb”.

İşlərin hansı müddətə yekunlaşacağına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Ən azı, Quru Qoşunlarının ştat strukturunun sənədləşməsi minimum 6 ay çəkəcək. Prosesin praktiki hissəsi bitib. Sənədləşmə hissəsi vaxt aparacaq”.

Səxavət Məmməd