Azərbaycan Premyer Liqasında XIX tur start götürür

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start veriləcək.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə Bakıda 2 görüş keçiriləcək.

Günün ilk matçında “Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı sınağa çəkəcək.

18 turdan sonra meydan sahibləri 15 xalla sonuncu – 8-ci, qonaqlar isə 24 xalla 4-cü pillədə qərarlaşıb. Komandalar indiyədək ölkə çempionatında 9 dəfə üz-üzə gəliblər. Bu matçların 3-də Masazır təmsilçisi, 5-də isə “gənclik şəhəri” klubu qələbə qazanıb. Topların nisbəti də sumqayıtlıların xeyrinədir – 14:9. Son 4 görüşdə hər iki komanda qol vurub və qonaq tərəf qalib gəlib. “Sumqayıt” 7 görüşdür meydanı qolsuz tərk etmir.

Günün digər matçında “Neftçi” “Bakcell Arena”da “Keşlə” ilə qarşılaşacaq. Əslində bu görüş “ASK Arena”da keçirilməli idi. Sadəcə, “ağ-qaralar”ın stadionunda aparılacaq təmir işləri ilə əlaqədar matçların yeri dəyişdirilib.

Hazırda 33 xalı olan flaqman “Qarabağ”la 1 – 2-ci yerləri bölüşdürür. “Keşlə” isə 16 xalla 7-ci sıradadır. Komandalar arasında baş tutmuş 64 çempionat oyunundan 34-də meydan sahibləri, 15-də qonaqlar qələbəni bayram ediblər. Topların fərqində də “Neftçi”nin aşkar üstünlüyü var – 97:62. “Keşlə” son 3 oyunda uduzub. “Neftçi” ardıcıl 9 səfər matçında meydandan qolsuz ayrılmayıb.

Azərbaycan Premyer Liqası

XIX tur

16:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Kərim Ağayev
“Bank Respublika Arena”.

18:15. “Neftçi” – “Keşlə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Nahid Əliyev, Nicat İsmayıllı
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bakcell Arena”.

Qeyd edək ki, tura martın 9-da keçiriləcək “Qəbələ” – “Səbail” və “Zirə” – “Qarabağ” matçları ilə yekun vurulacaq.

Loading...