Azərbaycanda elm və mədəniyyətin təbliği: Gənclərə mənəvi dəyərlər necə aşılanır?

Faiq Əkbərli: “Artıq Azərbaycan həm də bütövlük ideası ilə çıxış etməlidir. Güneyli-quzeyli Azərbaycanın tarixi, mədəniyyəti təbliğ olunmalıdır”;

Elçin Murad: “Uşaqları məktəb, gənc, orta və yaşlı nəsli isə televiziya formalaşdıra bilər. Bu iki istiqamət paralel şəkildə iş görsə, nəticələr çox yaxşı ola bilər”.

Milləti tanıdan, digər xalqlardan fərqləndirən ən vacib amillərdən biri adət-ənənələr və yüksək mənəvi dəyərlər sisteminə malik olmaqdır. Mövzu ilə bağlı fikirlərini səsləndirən Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk dünyası ilə əlaqələr üzrə müavini, eyni zamanda, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli yenilikçi, ziyalı, Azərbaycan dövlətçiliyinin, Azərbaycançılığın, islamçılığın mahiyyətini, sözün həqiqi mənasında, ifadə edən insanların dövlətçilik tarixinin təbliğinə cəlb olunmasının vacibliyinə toxunub.

O bildirib ki, əvvəlki illərlə müqayisədə son vaxtlar dövlətçilik tarixinin təbliğində irəliləyişlər var:

“Ancaq əsaslı irəliləyişlər hələ ki yoxdur. Bu isə Sovet dövründə yazılmış tarix, fəlsəfə, mədəniyyət və digər sahələrdəki kitabların hələ də müəyyən mənada öz qüvvəsini saxlaması ilə bağlıdır. Sovet dövrü tarixçiliyinə nəzər yetirsək, təbliğ olunan ideologiyanın tamamilə rus imperiyasının maraqlarına xidmət etdiyini görürük. Hazırda dövlətçilik tarixinin təbliğində bir çox hallarda hələ də Sovet tarixçiliyinə, Sovet ideologiyasına və metodologiyasına əsaslanmalar var.

Bu, əlbəttə, doğru deyil. İstər Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının çalışmaları, istərsə də Elm və Təhsil Nazirliyində müəyyən halda irəliləyişlər var. Bu irəliləyişlər xüsusilə orta məktəblərdə, dərsliklərdə müşahidə olunur. Eyni zamanda, televiziyalarda, radiolarda, sosial şəbəkələrdə dövlətçilik təbliği ilə bağlı müəyyən irəliləyişlər var.

Ancaq hər sahədə olduğu kimi, burada da müəyyən nöqsanlar var. Bəzən təbliğat işlərinə cəlb olunan insanlar məsələləri yetəri qədər əhatə edə bilmirlər. Azərbaycan yeni bir dövrə qədəm qoyduğu üçün bu kimi məsələlərə yanaşma dəyişməlidir. Artıq Azərbaycan həm də bütövlük ideası ilə çıxış etməlidir. Güneyli-quzeyli Azərbaycanın tarixi, mədəniyyəti təbliğ olunmalıdır. Yenilikçi, ziyalı, Azərbaycan dövlətçiliyinin, Azərbaycançılığın, islamçılığın mahiyyətini, sözün həqiqi mənasında, ifadə edən insanlar cəlb olunmalı, təbliğatın başında onlar dayanmalıdırlar”.

Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Muradov Yenicag.az-a açıqlamasında elmin, savadın, təcrübənin vacibliyini şagirdlərə ən yaxşı müəllimin aşılaya biləcəyini deyib.

O qeyd edib ki, hazırda elm müəyyən qədər kənarda qalıb, təbliği isə zəif səviyyədədir:

“Niyəsini isə belə izah etmək olar. Hər şeyin mənbəyi orta məktəbdir. Orta məktəbdə şagirdlərə elm lazımi səviyyədə təbliğ olunmur. Valideyn uşağı yalnız məktəbdən sonra, yəni axşam saatlarında görür. Axşam isə 2-3 saat ərzində valideyn uşağa hər şeyi öyrədə bilməz. Ancaq müəllimlər isə uşaqlarla ən azı 6-7 sat vaxt keçirirlər. Buradan isə belə bir nəticə çıxır – müəllimin uşağın inkişaf etməsində rolu böyükdür. Elmin, savadın, təcrübənin vacibliyini şagirdlərə ən yaxşı müəllim aşılaya bilər.

Bəzi müəllimlər isə bunu etmir. Sadəcə 45 dəqiqəni yola verməyə çalışır. Bu səbəbdən nəyisə düzəltmək istəyiriksə, ilk olaraq orta məktəbdə birinci siniflərdən başlamalıyıq. Məktəblərdə şagirdlərlə psixoloji dərslər, danışıqlar keçirilməlidir. Hər bir şagirdin xüsusi bacarığı üzə çıxarılmalıdır. Lakin bu yoxdur, varsa belə, tətbiq olunmur.

Televiziya layihələrinə baxdıqda elmi təbliğatla bağlı heç bir verilişin olmadığını görürük. İnsanların vaxtını almaq, elmdən uzaq tutmaq üçün yalnız şou xarakterli layihələr, verilişlər yayımlayırlar. Yaxud öldürmə, aldatma, xəyanət, bir sözlə, neqativ görüntülərlə qarşılaşırıq. Bu da bildiyimiz kimi, inkişaf edən uşaq psixologiyası üçün düzgün deyil. Belə görüntülər inkişaf etməkdə olan uşaqda hansı elmi fikirlər formalaşdıracaq? Hansı elmi təbliğ edəcək? Heç nə.

Uşaqları məktəb, gənc, orta və yaşlı nəsli isə televiziya formalaşdıra bilər. Bu iki istiqamət paralel şəkildə iş görsə, nəticələr çox yaxşı ola bilər”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanmışdır.