!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda söz və ifadə AZADLIĞI: Tarixi ənənələr və müasir dünyanın ÇAĞIRIŞLARI

!Reklam – Yazi

İnkişaf etmiş cəmiyyətlər üçün ən mühüm göstəricilərdən biri fərdlərin öz düşüncələrini sərbəst ifadə etmək hüququnun təmin olunmasıdır.

Əslində, istənilən dövlətin təşəkkülündə və möhkəmlənməsində təşəbbüskarlığın böyük əhəmiyyət daşıdığı çoxsaylı tarixi təcrübələrdə də öz təsdiqini tapır. Təbii ki, müsbət təşəbbüslərin irəli sürülməsi üçün əlverişli zəmin yaradılmalı, insanlar səsləndirəcəkləri fikirlərin onların cəzalandırılması ilə nəticələnməyəcəyindən əmin olmalıdırlar. Bu isə ilk növbədə fərdlərin ifadə azadlığının birmənalı tanınmasına bağlı olan məsələdir. Konkret nümunələrə də nəzər salsaq, görərik ki, insanların ifadə azadlığının məhdudlaşdırılmadığı dövlətlərdə tarixi inkişaf prosesi əks strategiyaya əsaslanan, fərdlərin elementar hüquq və azadlıqlarını boğan ölkələrə nisbətən daha dinamik formada cərəyan edib. Bu isə onu deməyə əsas verir ki, cəmiyyətlərin indiki yüksək inkişaf mərhələsində də ifadə azadlığı dövlətlərin hörmət və təmin etməli olduqları əvəzsiz dəyərdir. Digər tərəfdən, müasir beynəlxalq aləmdə söz və ifadə azadlığı dövlətlərə münasibəti formalaşdıran faktorlardan biri kimi öz aktuallığını qətiyyən azaltmayan məsələdir.

Azərbaycanda çağdaş anlamda söz azadlığı anlayışı, əsasən, XIX əsrin ikinci yarısından etibarən, formalaşıb. 1828-ci ildə Qacar və Rusiya imperiyaları arasında bağlanan “Türkmənçay” müqaviləsinə uyğun olaraq Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının rəsmiləşməsi xalqımızı tək coğrafi baxımdan deyil, digər sahələr üzrə də parçaladı, milli-mədəni irsimizin mahiyyətinin olmasa da, formasının kəskin dəyişməsinə səbəb oldu. Nəticədə o dövr Avropanın ən güclü dövlətlərindən sayılan Rusiyanın ilhaqına məruz qalan Şimali Azərbaycandakı soydaşlarımızın bütün sahələr üzrə həyatı və inkişafı bu dövlətin siyasətindən asılı vəziyyətə düşdü. Bu dönəmdə Şimali Azərbaycan Avropaya açılan pəncərə sayəsində Qərb mədəniyyəti, ədəbiyyatı, incəsənəti, ənənələri ilə tanışlıq imkanı qazandı və özü də zəif sürətlə olsa belə, bu axına daxil olmağa başladı.

Bu çərçivədə Qərb ənənələrinin Şimali Azərbaycana ilk təsirinin ədəbiyyat sahəsinə olduğunu söyləsək, yanılmarıq. Mirzə Fətəli Axundovun Azərbaycanda dramaturgiyanın əsasını qoyması ilə milli ədəbiyyatda yeni səhifənin açılmasına vəsilə oldu. Qərb və rus ədəbiyyatı ilə tanışlıq ədəbiyyatda bizim üçün fərqli janrlara müraciət edən yeni nəsil formalaşdırdı. Eyni zamanda, o dövrdə təhsilə yaradılan imkanlardan yararlanan azsaylı soydaşlarımızdan ibarət yeni ziyalı nəsli yetişdi. Amma sözsüz ki, müstəmləkə şəraitində milli təfəkkürün formalaşmasının əsas yolu milli mətbuatın yaradılmasından keçirdi. Böyük ziyalımız Həsən bəy Zərdabi Çar hakimiyyətinin bütün əngəllərini aşaraq “Əkinçi” qəzetini yaratmağa nail oldu. “Əkinçi”nin ilk sayı 1875-ci il iyulun 22-də işıq üzü gördü və həmin tarix artıq 146 ildir, milli mətbuat günü kimi qeyd olunmaqdadır. “Əkinçi” qəzeti cəmi iki il fəaliyyət göstərsə də, özündən sonra onlarla qəzetin nəşrə başlaması üçün çətin maneələri aradan qaldırmışdı. Bu səbəbdən, artıq XIX əsrin sonlarında Bakıda və Şimali Azərbaycanın digər böyük şəhərlərində çox sayda qəzet fəaliyyət başlamışdı. Çar senzurası qəzetlərin vasitəsilə milli düşüncənin formalaşmasına hər nə qədər mane olmağa çalışsa da, milli ziyalılarımız xalqın məlumatlandırılması və maarifləndirilməsi üçün əsl fədakarlıq göstərirdilər.

Azərbaycan mətbuatı ilə cəmiyyəti gerçək söz və ifadə azadlığını 1918-ci il mayın 28-də qurulan Xalq Cümhuriyyəti (AXC) dönəmində yaşadı. Lakin 1920-ci il aprelin 27-də baş verən bolşevik işğalı nəticəsində Cümhuriyyətin süqut etməsilə bu sahədə əldə edilmiş nailiyyətlər də aradan qalxdı. 70 illik totalitar sovet rejimində isə ifadə azadlığı haqda düşünmək belə imkan xaricində idi. Lakin ötən əsrin 80-ci illərində başlayan yenidənqurma dalğasında mətbuata nisbətən sərbəstlik verildi və bu addım bütün Sovetlərdə alternativ fikrin ifadəsi olan yeni qəzet və jurnalların yaradılması ilə yadda qaldı. 1991-ci ildə SSRİ-nin rəsmən süqutundan sonra Azərbaycan milli mətbuatı üçün də yeni dönəm başladı. Ancaq çox təəssüf ki, müstəqilliyimizin bərpasının elə ilk həftələrində əvvəl Sovetlərdən, daha sonra isə onun varisi olan Rusiyadan hərtərəfli dəstək alan Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətini genişləndirərək ərazilərimizin bir hissəsini işğal etməsi mətbuatın fəaliyyətinə çox neqativ təsir göstərdi. Yaranmış böhran vəziyyətində mətbuatın fəaliyyətinə senzuranın tətbiq olunması medianın inkişafına və söz azadlığının təmin olunmasına böyük zərbə vurdu.

Lakin mərhum prezident Heydər Əliyevin 6 avqust 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla Azərbaycan mətbuatı senzuradan xilas oldu. 2003-cü ildə prezident seçilən İlham Əliyev mətbuatın inkişafını, KİV-in maddi-texniki bazasının gücləndirilməsi və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb, bu istiqamətdə çox sayda sərəncamlar imzalayıb. Məhz prezident İlham Əliyevin 31 iyul 2008-ci ildə imzaladığı “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı media orqanlarının ayaqda qalmasını təmin etdi. Dövlət başçısının eyni tarixdə imzaladığı “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında” Sərəncamı isə milli mətbuatın inkişafını təmin edəcək mühüm hüquqi baza rolunu oynayır. Prezident İlham Əliyev 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Sərəncamı medianın sistemli və davamlı inkişafını nəzərdə tutan çox mühüm sənəd kimi qiymətləndirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında jurnalistlərin mənzil şəraitlərinin yaxşılaşdırılması məqsədilə 3 bina inşa edilib və onlardan 2-si 2013 və 2017-ci illərdə media mənsublarına paylanılıb. Prezident İlham Əliyevin 2021-ci il yanvarın 12-də imzaladığı “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı isə ölkədə milli mətbuatın inkişafına yönəlik ən müasir standartlara əsaslanan stratetegiyanın tətbiq olunduğu anlamına gəlir.

Əlbəttə, çağdaş dünyada informasiya texnologiyalarının sürətli inkişafı mediadan kənar alternativ platformaların yaranmasına yol açıb və bu gün cəmiyyətin informasiya ilə təminatında həmin platformaların payı kifayət qədər çoxdur. Azərbaycanda da alternativ media platformaları üzrə istifadəçilərin sayı yetərincə çoxdur və bu fakt ölkədə ifadə azadlığı ilə plüralizmin təmin olunmasının vacib indikatoru sayıla bilər.

Aqil Bəkir

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az

846
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv