Azərbaycanda yeni qadın kooperativlərinin yaradılmasına başlanıldı
Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən qadın qruplarının əsasında yeni qadın kooperativlərinin yaradılmasına başlanılıb.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Kənd Qadınları Assosiasiyası” İctimai Birliyinin sədri Gülbəniz Qənbərova bildirib.
“Azərbaycanda qadınların iqtisadi fəallığının artırılması və kənd yerlərində sosial-iqtisadi inkişafın dəstəklənməsi məqsədilə qadın kooperativlərinin yaradılması istiqamətində addımlar atılır. Hazırda 23 rayonda 50 qadın qrupu fəaliyyət göstərir. Bu qruplar zamanla təcrübə toplayaraq bizneslərini genişləndirir, fəaliyyətlərini şaxələndirir və kənd yerlərində işsiz qadınların məşğulluğuna töhfə verirlər. Təcrübəli qadın qrupları artıq qadın kooperativləri kimi hüquqi qeydiyyatdan keçirlər. Hazırda 10 qadın kooperativi fəaliyyət göstərir. Bu strukturlar adətən ilkin qadın qruplarının adlarını daşıyır. Məsələn, “Çinar” İstehsal-İstehlak Qadın Kooperativi ÇİNAR Qadın İnkişaf və Müəssisə Qrupunun əsasında yaradılıb. Digər qadın qrupları da müstəqil şəkildə qadın kooperativi kimi fəaliyyət göstərmək üçün hazırlıq mərhələsindədirlər. Hazırda onlar Assosiasiyanın tərkibində fəaliyyət göstərsələr də, hüquqi status əldə edərək müstəqil qadın kooperativi şəklində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar”, – deyə o qeyd edib.
Assosiasiya sədri kollektiv biznes modelinin uğurlu fəaliyyət göstərməsi üçün qruplardakı qadınlar arasında qarşılıqlı etimadın vacibliyini xüsusi vurğulayıb. O, xatırladıb ki, Assosiasiya 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü və dəstəyi ilə təsis olunub: “Əsas məqsəd kəndlərndə yaşayan fermer və sahibkar qadınların regionların sosial-iqtisadi inkişafında iştirak səviyyəsini artırmaq və bu prosesi uzunmüddətli perspektivdə davamlı şəkildə təmin etməkdən ibarətdir. Assosiasiyanın rəsmi təqdimat mərasimi 2019-cu ildə keçirilib və tədbirdə bir sıra dövlət qurumları, nazirliklər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Açılış zamanı sabiq nazir İnam Kərimov qeyd edib ki, bu modelin gələcəkdə bütün regionlarda tətbiq olunması üçün zəruri şərait yaradılacaq”.
“Assosiasiyanın fəaliyyəti çərçivəsində bir çox bölgələrdə müntəzəm olaraq kənd qadınları ilə birbaşa görüşlər təşkil olunur, bu zaman qadınların rastlaşdığı sosial -iqtisadi çətinliklər müəyyən edilir. İndiyə qədər bu ehtiyaclar əsasında müvafiq layihələr hazırlanıb, qadınlara kənd təsərrüfatı sahəsində texniki dəstək göstərilib, müvafiq avadanlıqlar təqdim edilib, biznes quruculuğu sahəsində bilik və bacarıqların artırılması məqsədilə mütəxəssis dəstəyi təmin olunub. Paralel olaraq, qadınların biznes bacarıqlarının artırılması, mikro-maliyyə savadlılığı, bazara çıxış və s. mövzularda maarifləndirici təlimlər təşkil edilib”.
G.Qənbərovanın sözlərinə görə, assosiasiya qadınların təşkilatlanması, istehsal potensialının artırılması, məhsulların satışı, ailə büdcəsinə töhfələrinin artırılması məqsədilə dünya təcrübəsində sınaqdan keçmiş “Qadın özünə-kömək qrupları” (Self-Help Group SHG) modelini tətbiq edib: “Bu model çərçivəsində formalaşan 50 Qadın İnkişaf və Müəssisə Qrupu və onların idarə etdiyi 230 biznes, hazırda kollektiv qadın sahibkarlığı nümunələri kimi fəaliyyət göstərir. Nəticədə, kənd qadınları birlikdə yüz tonlarla kənd təsərrüfatı məhsulları – meyvə-tərəvəz, taxıl, pambıq, heyvandarlıq məhsulları, çörək və şirniyyat istehsalı, emalı və satışını həyata keçirərək həm öz ailələrinə, həm də regionların iqtisadi inkişafına mühüm töhfə verməkdədirlər”.
O bildirib ki, Azərbaycan kənd təsərrüfatı yönümlü iqtisadiyyata malik ölkədir və bu sahə strateji əhəmiyyət daşıyır: “Lakin kənd təsərrüfatının yalnız iqtisadi deyil, sosial tərəfi də var ki, bunlar bir-biri ilə sıx əlaqəlidir. Sosial inkişafın təmin olunmaması kənd təsərrüfatında dayanıqlı inkişafın qarşısını ala bilər. Bu baxımdan qadın qruplarının formalaşdırılması həm qadınların kənd təsərrüfatında iştirak səviyyəsini artırmaq, həm də onların fərdi və ictimai inkişafına şərait yaratmaq məqsədi daşıyır.
Statistik məlumatlara əsasən, əmək qabiliyyətli yaşda olan kənd qadınlarının təxminən 43 %-i kənd təsərrüfatı ilə məşğuldur və onların əsas gəlir mənbəyi torpaq və təsərrüfat fəaliyyətidir. Bu qadınlar həm kənd təsərrüfatı və emal sahəsində, həm də qeyri-təsərrüfat yönümlü biznes sahələrində uğur qazanmaqdadırlar. Belə ki, təsərrüfat işlərinin mövsümi xarakter daşıması səbəbilə qadınlar eyni zamanda tikiş, xalçaçılıq, çörək və şirniyyat istehsalı, xidmət sahələri (kafe, gözəllik salonları və s.) kimi sahələrdə də fəallıq nümayiş etdirirlər. Biznesin qeyri-təsərrüfat yönümlü şaxələndirilməsi ona görədir ki, qadınlar yaz-yay fəsillərini tarlada çalışır, yalnız payız fəslində məhsul yığımı və satışdan gəlir əldə edə bilir, qeyri-təsərrüfat biznesləri isə il boyu qadınların öz ailələrinə iqtisadi dəstək göstərməsini asanlaşdırır”.