Təhsil sahəsində aparılan islahatlar və Vətən müharibəsi mövzularının TƏDRİSİ: Gələcək nəsil üçün əhəmiyyətli ADDIMLAR

media-hightechnic-468x90

Son illərdə Azərbaycanda təhsil sahəsində aparılan islahatlar, ölkənin gələcək inkişafında mühüm rol oynayıb. Gənc nəsli gələcəyə hazırlamaq və onların dünya miqyasında rəqabət qabiliyyətini artırmaq məqsədini güdən bu islahatlar, eyni zamanda milli dəyərlərə, vətənpərvərlik ruhuna xüsusi diqqət yetirilməsini tələb edir. 44 günlük Vətən müharibəsi və Böyük Zəfər yalnız tarixi bir dönüş nöqtəsi olmaqla kifayətlənməyib, həm də xalqımızın birliyini, qəhrəmanlığını və vətənə olan bağlılığını təcəssüm etdirib.

Deputat Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında bildirib ki, Vətən müharibəsi və Böyük Zəfər dərsliklərdə daha geniş tədris olunmalıdır:

media-ceyhun6-1

“Azərbaycanın təhsil sahəsindəki islahatları ilə bağlı müzakirələr davam edir. Son illərdə bu sahədəki yeniliklər və dərsliklərə əlavə edilən mövzular, xüsusilə 44 günlük Vətən müharibəsi və Böyük Zəfər mövzularının əhəmiyyəti ilə bağlı məsələlər daha çox gündəmdədir. Bu barədə Deputat Ceyhun Məmmədov öz fikirlərini açıqlayaraq qeyd edib ki, artıq bu sahədə müəyyən işlər görülməkdədir, amma prosesin daha da intensivləşdirilməsi və dərsliklərdə bu mövzunun geniş şəkildə əks olunması vacibdir”.

Deputat bildirib ki, Vətən müharibəsi və Böyük Zəfər mövzusunun dərsliklərdə tədrisi yalnız tarixi bir hadisə kimi yox, həm də xalqımızın qəhrəmanlığını, birliyini və vətənə olan bağlılığını təcəssüm etdirən bir mövzu olaraq gənclərə çatdırılmalıdır. O, bu mövzuların dərsliklərdə daha ətraflı şəkildə işlənməsini, həmçinin bu zəfərə necə nail olduğumuzu, nəyin nəticəsində bu qələbəni qazandığımızı dərsliklərdə qeyd etməyin vacibliyini vurğulayıb.

Millət vəkili qeyd edib ki, bu sahədə artıq müəyyən işlər görülüb və təhsil proqramlarında dəyişikliklər aparılıb. Lakin bu işlərin daha sistemli və geniş şəkildə həyata keçirilməsi gənclərimiz üçün vacibdir. Onun fikrincə, yaxın zamanlarda parlamentdə ümumi dərsliklərlə bağlı müzakirələr aparılacaq və bu məsələyə xüsusi diqqət yetiriləcək.

Deputat həmçinin bildirib ki, cənab Prezidentin siyasəti, Böyük Zəfərimizin əldə olunmasında nə kimi amillərin rol oynadığını və bu zəfərin ölkəmizə hansı qazanc və faydalar gətirdiyini dərsliklərdə əks etdirmək vacibdir:

“Bu mövzuların tədrisində daha çox məlumat verilməsi və şagirdlərin bu istiqamətdə məlumatlandırılması təhsil sahəsində atılacaq vacib addımlardır. Bu fikir və yanaşma, tələbə və şagirdlərdə vətənpərvərlik ruhunun artırılmasında və ölkəmizin tarixi qələbələrini düzgün qiymətləndirməkdə böyük əhəmiyyət kəsb edir. Dərsliklərdə yer alacaq bu məlumatlar həm də gələcək nəsillərin milli yaddaşını formalaşdırmaq və Azərbaycanın zəfər tarixini yaşatmaq baxımından böyük önəm daşıyır”.

Bəs, yaxşı, təhsildə mədəniyyət, tarix və informasiya müharibəsi mövzularını necə daha çox tədris etmək mümkündür? Bu istiqamətdə hansı proqramlar hazırlanmalıdır?

Suallara cavab verən təhsil eksperti Kamran Əsədov bildirib ki, ilk növbədə bu istiqamətdə fənn yüklərinin artırılması yox, məzmunun yenidən qurulması və metodikanın zənginləşdirilməsi vacibdir.

media-1753767662_new-project-1

Onun sözlərinə görə, hazırda orta məktəb dərsliklərində tarix əsasən fakt və xronologiya üzərində qurulub, mədəniyyət isə yalnız illüstrativ əlavələrlə təqdim olunur:

“Halbuki XXI əsrdə informasiya müharibəsi şagirdlərə təkcə bilik deyil, həm də analitik düşünmə, mənbə etibarlılığına qiymət vermə, yalan xəbərləri ayırd etmə bacarığı öyrətməyi tələb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda internet istifadəçilərinin sayı 9 milyon nəfəri keçib, sosial şəbəkələrdə gənclərin 85%-dən çoxu aktivdir. Bu isə o deməkdir ki, hər bir gənc paralel olaraq informasiya hücumlarının da hədəfindədir”.

Onun fikrincə, Azərbaycan Respublikasının Təhsil Qanununun 18-ci maddəsində göstərilir ki, ümumi təhsil “şagirdlərin milli-mənəvi dəyərlərə, vətənpərvərlik ruhuna və müasir çağırışlara uyğun tərbiyəsini” təmin etməlidir:

“Eyni zamanda 32-ci maddə müəllimlərin vəzifələri sırasında “təhsilalanlarda müstəqil və tənqidi düşünmə bacarığını inkişaf etdirmək” öhdəliyini qeyd edir. Bu maddələrdən göründüyü kimi, mədəniyyət və tarix yalnız tarixi faktların öyrədilməsi üçün deyil, həm də informasiya savadlılığının inkişafı üçün vasitə kimi tədris olunmalıdır. Bu, Elm və Təhsil Nazirliyinin strateji xəttinə uyğundur və həyata keçirilən yeni kurikulum dəyişiklikləri müsbət addım kimi qiymətləndirilməlidir. Nazirliyin son illərdə mədəniyyət irsi, Qarabağ mövzusu və multikulturalizm xətti üzrə hazırladığı dərs vəsaitləri də təqdirəlayiqdir”.

Ekspert əlavə edib ki, bu mövzuların tədrisi şagirdlərdə milli kimliyi gücləndirir, mənsub olduqları tarix və mədəniyyətin dəyərini dərk etmələrinə şərait yaradır:

“Media savadlılığı ilə birləşdirildikdə isə informasiya müharibəsində gənclərin manipulyasiyaya qarşı müqaviməti artır. Lakin hazırda bu mövzular ayrı-ayrı dərslərdə fraqmentlər şəklində keçirildiyindən sistemlilik zəifdir, müəllimlərin bir hissəsinin informasiya texnologiyalarından istifadədə bacarıqları məhduddur. Bundan başqa, qiymətləndirmə mexanizmləri test yönümlü olduğundan şagirdin analitik düşünmə bacarığını ölçmək əksər hallarda mümkün olmur”.

Dünya təcrübəsinə də toxunan Kamran Əsədov bildirib ki, Finlandiyada “Media və Vətəndaş Savadlılığı” dərsi tarix və sosial elmlərlə inteqrasiya olunaraq keçirilir, şagirdlər mənbələri müqayisə edir, yalan xəbərlərin nümunələrini təhlil edir:

“Estoniyada isə məktəblərdə “Rəqəmsal İrs” layihəsi tətbiq olunaraq həm milli mədəniyyətin qorunmasına, həm də internetdəki saxta məlumatların ifşasına fokuslanır. ABŞ-da isə tarix dərslərində “document-based question” (DBQ) modelindən istifadə olunur: şagirdlərə müxtəlif mənbələr verilir və onlardan faktlara əsaslanan esse yazmaq tələb olunur. Azərbaycan üçün də bu təcrübələrin tətbiqi vacib hesab olunur, çünki informasiya müharibəsi xüsusilə ölkənin ərazi bütövlüyü və tarixi irsi ilə bağlı daha çox intensivdir”.

Ekspertin fikrincə, dəyişikliklər tətbiq edildikdə şagirdlər fakt və rəqəmləri sadəcə əzbərləməyəcək, mənbələri analiz edib dəlillərlə müdafiə etməyi öyrənəcəklər:

“Bu həm dərsliklərin məzmununda, həm də qiymətləndirmə mexanizmlərində dəyişiklik tələb edir. Dərsliklərdə mədəniyyət nümunələri – musiqi, incəsənət, memarlıq – sadəcə şəkil və təsvir kimi deyil, tənqidi təhlil üçün material kimi verilməlidir. Qiymətləndirmədə isə yalnız test yox, qısa esse, layihə işi, fakt-yoxlama tapşırıqları tətbiq olunmalıdır. Əlavə olaraq, müəllimlər üçün ixtisasartırma kurslarında informasiya müharibəsi, media savadlılığı və rəqəmsal təhlil modulları daxil edilməlidir”.

“Belə proqramların tətbiqi həm milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır, həm də gənc nəslin qlobal rəqabət qabiliyyətini artırır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atacağı addımlar gələcəkdə həm şagirdlərin milli-mədəni kimliyini möhkəmləndirəcək, həm də beynəlxalq standartlara uyğun tənqidi düşünmə bacarığı formalaşdıracaq. Bu, təkcə təhsil siyasəti yox, eyni zamanda dövlətin ideoloji davamlılığı və informasiya təhlükəsizliyi üçün də vacib məsələdir. Nazirliyin yeni yanaşmaları bu baxımdan müsbət və vaxtında atılmış addım hesab edilir, onun daha da genişləndirilməsi və sistemli proqramlara çevrilməsi ölkənin təhsil keyfiyyətinə mühüm töhfə verəcək”, – deyə o, fikirlərini tamamlayıb.

Məsimə Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusu üzrə dərc olunub.

media-medialogo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa