“Türkiyə-Azərbaycan Universiteti təhsil almaq istəyən tələbələrə müasir təhsil standartları çərçivəsində yeni imkanlar yaradacaq”.
Bu fikirləri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair iki ölkə arasında imzalanmış memorandum haqda danışan təhsil eksperti İlqar Orucov Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu təşəbbüs Azərbaycanla Türkiyə arasında geniş siyasi, iqtisadi və təhsil sahələrində dərinləşdirilən əməkdaşlığın davamıdır:
“Türkiyə-Azərbaycan Universiteti hər iki dövlət başçısının birgə təşəbbüsü əsasında yaradılacaq ali təhsil müəssisəsi olacaq. Bu, Azərbaycanla Türkiyə arasında hərtərəfli siyasi, iqtisadi və humanitar sahələrdə olan əməkdaşlığın davamıdır. Hesab edirəm ki, bu, ali təhsil sahəsində birgə universitet yaratmaqla bağlı ilk təşəbbüs olduğundan, həmçinin iki qardaş ölkənin birgə universitet planının gerçəkləşəcəyi bir məkan olacaq.
Biz bu təşəbbüsün irəli sürüldüyü ilk gündən ali təhsil ocağının fəaliyyətə başlamasını səbirsizliklə gözləyirik. İnanıram ki, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması ilə Azərbaycanın ali təhsil sistemində bir yeniləşmə baş verəcək. Cənab prezidentin də söylədiyi kimi, bu ali təhsil ocağı bölgənin ən aparıcı universitetlərindən birinə çevriləcək. Türkiyə-Azərbaycan Universiteti təhsil almaq istəyən tələbələrə müasir təhsil standartları çərçivəsində yeni imkanlar yaradacaq.
Türkiyənin aparıcı universitetlərinin mütəxəssisləri ilə əməkdaşlığın qurulması, onların tədris prosesinə cəlb olunması təmin ediləcək. Universitetin 2024-25 ci il tədris ilində fəaliyyətə başlaması ilə bağlı 10 milyon manat vəsaitin ayrılması, qəbul planının 240 tələbəni əhatə etməsi planlaşdırılır. Yeni universitetdə mühəndislik və tibb ixtisaslarında kadr hazırlığı nəzərdə tutulur. Fikrimcə, ali təhsil müəssisələrinə qəbulla bağlı qərar verərkən, ən yüksək bal toplamış abituriyentlərimiz burada təhsil almaq üçün müraciət edəcəklər. Universitet Azərbaycan ərazisində fəaliyyət göstərəcəyi üçün qəbulu Dövlət İmtahan Mərkəzi həyata keçirəcək”.
İsmayıl Bakuvi
www.yenicag.az