!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın təhsil sistemində mühüm MƏRHƏLƏ: “Qarabağ Universiteti zəfərimizin təzahürüdür”

!Reklam – Yazi

Qarabağ Universitetinin yaradılması Azərbaycanın təhsil sistemində mühüm bir mərhələ kimi qiymətləndirilir. Bu təşəbbüs yalnız bölgədə təhsil imkanlarını genişləndirmək məqsədi daşımır, həm də Qarabağ regionunun mədəni və iqtisadi dirçəlişinə töhfə vermək üçün vacib bir addımdır.

Universitetin yaradılması ilə bölgənin sosial-iqtisadi inkişafı sürətlənəcək və yeni elmi-tədqiqat mərkəzləri açılacaq. Bununla yanaşı, Qarabağ Universiteti gənclər üçün yeni təhsil və karyera imkanları yaradan, Azərbaycan təhsilinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıracaq strateji bir layihədir. Bu layihə ölkənin təhsil sahəsindəki modernləşmə strategiyasını gücləndirəcək və elmi tədqiqatların Qarabağda mərkəzləşməsi ölkə daxilində təhsil mühitini müsbət şəkildə dəyişdirəcək.

Yenicag.az-a açıqlamasında Milli Məclisin VI çağırış deputatı Ceyhun Məmmədov bildirib ki, Qarabağ Universitetinin yaradılması Azərbaycan tarixinin ən mühüm və əlamətdar hadisələrindən biridir.

Onun sözlərinə görə, Qarabağ Universiteti sıradan bir universitet deyil:

“O, həm də Azərbaycan xalqının uzun illər apardığı mübarizə nəticəsində əldə etdiyi qələbənin təzahürüdür. Bu mənada, bu universitetin yaradılması çox tarixi qərar kimi qiymətləndirilməlidir. Cənab prezidentin rəhbərliyi ilə 2020-ci ildə Azərbaycan xalqı qələbəsini təmin etdi və biz belə bir mühüm qələbəyə imza atdıq. O qələbədən sonra qarşımızda çox mühüm məsələlər və vəzifələr yaranmışdı. Vəzifələr o idi ki, biz qələbəmizi gücləndirməli, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmalı, eyni zamanda da erməni vəhşiliyini ifşa etməliyik”.

C. Məmmədova görə, belə bir universitetin yaradılması, fəaliyyət göstərməsi və yüksək təhsil verməsi çox önəmlidir:

“Bu anlamda Qarabağ Universitetinin yaradılması tarixi qərar və hadisədir. Biz də bunu yüksək qiymətləndirməliyik. Çox sevindiricidir ki, qısa müddətdə yaradılmasına baxmayaraq, Qarabağ Universiteti çoxlu sayda tələbənin ümid yeri və təhsil almaq seçdiyi təhsil müəssisəsi oldu. Bu, həm də o deməkdir ki, bu universitet uzaqgörən bir qərarla yaradılıb və Azərbaycan xalqı bunu çox yüksək, habelə heyranlıqla izləyir. Bu anlamda, Qarabağ Universitetinin Azərbaycan təhsilində özünəməxsus yerinin olacağını istisna etmirəm. Burada yalnız azərbaycanlı tələbələrin yox, o cümlədən xarici ölkələrdən gələn tələbələrin də təhsil alması nəzərdə tutulur”.

C.Məmmədovun fikrincə, bu qərar hər birimiz tərəfindən alqışlanmalıdır:

“Artıq Qarabağ Universiteti fəaliyyətə başlayıb, çoxlu sayda gənclərimiz orada təhsil almaq istəyir. Hesab edirəm ki, bu, həm də onu göstərir ki, biz düzgün yoldayıq, doğru addımlar atırıq və gerçək qərarlar qəbul edirik. Əminəm ki, Qarabağ Universiteti ən qısa müddətdə ölkəmizin ən aparıcı universitetlərindən biri olacaq və Azərbaycan təhsilinə töhfələrini uğurla verməyə davam edəcək”.

Təhsil məsələləri üzrə tanınmış mütəxəssis Elçin Əfəndi isə hesab edir ki, Qarabağ Universitetinin cəmiyyət tərəfindən böyük marağa səbəb olması heç də birmənalı deyil:

“Bilirik ki, uzun müddət Ermənistanın işğalı altında saxlanılan Xankəndi şəhəri və digər ərazilər məhz 44 günlük Vətən müharibəsi və anti-terror əməliyyatları sayəsində azad oldu. Əlbəttə ki, daha sonra Xankəndidə sovet vaxtı fəaliyyət göstərən həmin universitet dövlət başçısının müvafiq Sərəncamı ilə Qarabağ Universiteti adlandırıldı və həmin universitetə tələbə qəbulu həyata keçirildi. Demək olar ki, bütün ixtisas qrupları üzrə təxminən 1000 nəfərdən çox tələbənin qəbulu mümkün oldu”.

“Görərik ki, ixtisaslar üzrə əsasən yüksək ballar qeydə alındı. Bu isə digər regionlar və Bakı ilə müqayisələndiriləndə müsbət bir nəticədir. Çünki orada formalaşan keçid balları qeyd olunan istiqamətlər üzrə daha yüksək qeydə alındı. Bu da onu deməyə əsas verir ki, məhz universitet ilkin olaraq qarşısına qoyduğu məqsədinə çatmış oldu”, – deyə o, əlavə edib.

E.Əfəndi onu da diqqətə çatdırıb ki, bizim Qarabağ Universitetindən gözləntimiz böyükdür:

“Çünki həmin universitetdə təhsil alan tələbələr pulsuz yataqxana ilə təmin olunurlar, onlar yüksək təqaüd alacaqlar, müvafiq olaraq hər bir tələbəyə kompüter hədiyyə olunacaq. Həmin tələbələrin təhsil keyfiyyətinin yüksək olması gözləntilərimiz içərisindədir. Mənə elə gəlir ki, Qarabağ Universitetinin qarşısına qoyduğu prioritet istiqamətlərdən biri bu olacaq. Ölkə təhsilinin inkişafına təsiri, rəqabət mühitinin formalaşması, ixtisaslı kadrların hazırlanaraq əmək bazarına buraxılması gözləntilərimiz içərisindədir və bu təhsilimizin inkişafına mühüm töhfə verəcək”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanıb.

Rafi Müslümov

COP29

www.yenicag.az

598
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv