C-130 qəzası və AZƏRBAYCANIN MÖVQEYİ: "Üzüntümüz ən az Türkiyə qədərdir"
“Baş vermiş faciəyə görə hər hansı fərziyyə və ya spekulyasiya, xüsusilə də mövzu ilə bağlı tam məlumat olmadığı halda, yalnız Azərbaycan-Türkiyə münasibətlərinə zərər vermək istəyən üçüncü qüvvələrin maraqlarına xidmət edə bilər.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Politoloq qeyd edib ki, Gürcüstan ərazisində baş vermiş təyyarə qəzasının nəticələri tam araşdırılmadan hər hansı versiya irəli sürmək və ya hər hansı dövləti günahlandırmaq, Azərbaycan və Türkiyə dostluğuna zərbə vurmaq istəyən qüvvələrin əlinə oynamağa xidmət edir:
“Qardaş Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri təbii olaraq hər birimizi dərindən sarsıtdı. Təəssüf ki, baş vermiş hadisə nəticəsində 20 türk əsgəri həyatını itirmişdir. Bu, həm Türkiyə, həm də Azərbaycan xalqı üçün böyük bir kədərdir və bizim üçün də dərindən hiss olunan ağır bir itki kimi qəbul olunur.
Qardaş Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər sadəcə diplomatik və siyasi əlaqələrdən ibarət deyil. Bu, iki qardaş xalqın bir-birinin sevincini sevinc, kədərini kədər kimi yaşadığı, həmrəylik və qarşılıqlı dəstəyə əsaslanan bir əlaqədir. Bu prinsiplər çərçivəsində Azərbaycan vətəndaşları olaraq hər birimiz baş vermiş faciəyə görə dərin kədərimizi bildirir, həlak olanların ailələrinə, yaxınlarına və bütün türk xalqına başsağlığı veririk.”
Rəşad Bayramov hadisənin səbəblərini araşdıracaq komissiya qrupunun açıqlamalarını gözləmək lazım olduğunu bildirib:
“Hadisənin səbəbləri hələ ki, aydın deyil. Məlumdur ki, müvafiq araşdırma aparılır. Odur ki, indi baş vermiş faciəyə görə hər hansı fərziyyə və ya spekulyasiya, xüsusilə də mövzu ilə bağlı tam məlumat olmadığı halda, yalnız Azərbaycan-Türkiyə münasibətlərinə zərər vermək istəyən üçüncü qüvvələrin maraqlarına xidmət edə bilər. Bu baxımdan, hadisənin obyektiv və peşəkar şəkildə araşdırılmasını gözləmək vacibdir.
Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olmuş, çətin anlarda bir-birini dəstəkləmiş iki qardaş ölkədir. Biz birlikdə sevinmişik, birlikdə kədərlənmişik və bu gün də qardaş Türkiyənin yaşadığı bu ağır günlərdə onun yanındayıq. Türkiyə ictimaiyyəti də bilməlidir ki, Azərbaycan olaraq baş vermiş hadisəyə görə üzüntümüz ən az Türkiyə qədərdir.”
Nurlan Cəfəri












