Hadisə yerində axtarışlar davam edir: 1 əsgərin nəşi tapılmayıb
“Hal-hazırda 19 şəhidin nəşi tapılıb, 1 əsgərin isə nəşi axtarılır.”
Bu məlumatları Yenicag.az-a Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus təyyarənin qəzaya uğradığı ərazidə olan araşdırmaçı jurnalist, “Real TV”nin Sənədli filmlər departamentinin direktoru Vəfa Həmzəyeva bildirib.

V. Həmzəyeva hazırda hadisə yerində nələrin baş verdiyini saytımıza açıqlayıb:
“Hazırda axtarış işləri davam etdirilir. Artıq 28 saatdır çox ciddi iş gedir. 19 hərbçinin nəşi tapılıb, biri hələ də axtarılır. Hadisənin motivləri haqqında konkret olaraq heç nə deyilməsə də 2 versiya üzərində dayanılır. Qəti olaraq kənar fiziki müdaxilə edilməyib.”
Jurnalist qeyd edir ki, hadisənin baş vermə səbəbləri barədə ilkin 2 versiya üzərində dayanılır:
“İlk versiya ondan ibarətdir ki, təyyarə köhnə idi, hətta ikinci əl idi. Digər versiya isə Gəncədən qalxmazdan əvvəl yüklərin düzgün yüklənməməsi ola bilər. Daha inandırıcı olan isə ilk versiyadır. İstənilən halda “qara qutu” tapılıb. “Qara Qutu”-dakı səslər Türkiyədə oxunduqdan sonra daha dəqiq bilinəcək. Hazırda 1 əsgərin nəşi axtarılır.”
Nurlan Cəfəri












