Azərbaycanla Türkiyə arasında hərbi sahədə Birgə Komissiya yaradılır

Azərbaycanla Türkiyə arasında növbəti Birgə Komissiyanın yaradılması nəzərdə tutulur.

Yenicag.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında” sazişdə müddə var.

Sazişi aprelin 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənib.

Sənəd 2017-ci il oktyabrın 31-də Bakıda imzalanıb. Sazişə Azərbaycan tərəfdən Müdafiə naziri Zakir Həsənov, Türkiyə hökuməti adından isə o vaxtkı Milli Müdafiə naziri Nurettin Canıklı imza atıb.

Sənəddə göstərilir ki,  Birgə Komissiyanın üzvləri Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin nümayəndələrindən ibarət olacaq.

Komissiyada hər iki tərəfin bərabər sayda təmsil olunması nəzərdə tutulur.

Komissiya bu sazişin müddəalarının həyata keçirilməsi, şərhi və lazım olduğu təqdirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edəcək.

Sazişə əsasən, Komissiyada Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin heyətinə müdafiə sənayesi nazirinin müavini və ya səlahiyyət verdiyi nümayəndə sədrlik edəcək.

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin heyətində Milli Müdafiə Nazirliyinin müdafiə sənayesi müşaviri və ya müşavirinin müavini sədr olacaq.

Lazım olduğu təqdirdə, Komissiyaya hər bir tərəfin silahlı qüvvələrindən, qurumlarından və müdafiə sənayesi təşkilatlarından mütəxəssislər daxil edilə bilər.

COP29