Avropa ordu sıralarını genişləndirir: Rusiya qorxusu yaşlı qitəni bu addımları atmağa vadar etdi - SİYAHI
Birləşmiş Ştatlar Ukrayna müharibəsinə son qoymaq üçün potensial sülh sazişi üzrə danışıqları davam etdirdiyi bir vaxtda, Avropa liderləri qitənin bəzi ölkələrində silahlı qüvvələrin şəxsi heyətlə təminatında çətinliklərin yaşandığı bir dövrdə Rusiyanın Avropaya olan təhdidi barədə xəbərdarlıq ediblər. Rusiya isə Avropa ölkələrinə hücum etmək planının olmadığını deyir.
Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, müxtəlif Avropa ölkələri mövcud gərgin durumsda öz hərbi potensiallaırnı gücləndirmək üçün bir sıra addımlar atıblar.
Bu gedişlərin təfərrüatları:
ALMANİYA
Almaniya hökuməti noyabr ayında daha yüksək maaş və daha yaxşı təşviqləri nəzərdə tutan yeni hərbi xidmət sxemi üzrə razılığa gəlib. Hərbi xidmət könüllü olaraq qalacaq, lakin sxem kifayət qədər yeni çağırışçı cəlb edə bilməsə, icbari çağırış variantı mümkün olacaq.
Ölkə əsgərlərin sayını hazırkı 180 min nəfərdən 260 minə çatdırmaq, ehtiyatda olan hərbçilərin sayını isə ikiqat artıraraq 200 minə çatdırmaq istəyir.
2026-cı ilin əvvəlində qüvvəyə minməsi gözlənilən təkliflərə əsasən, məcburi qeydiyyat və tibbi müayinə sistemi tətbiq ediləcək, hər hansı icbari çağırış isə parlamentdə ayrıca səsverməyə çıxarılacaq. Çağırışın qadınlara da şamil edilməsi üçün Konstitusiyaya dəyişiklik tələb olunacaq.
FRANSA
Prezident Emmanuel Makron noyabr ayında bildirib ki, Fransa 2026-cı ilin ortalarına qədər fəaliyyətə başlamalı olan yeni könüllü gənclər hərbi xidməti yaradacaq. 10 ay davam edəcək sxem 18 və 19 yaşlı gənclər üçün açıq olacaq və onlara ödəniş ediləcək.
Məqsəd 2026-cı ildə 3 000 nəfəri cəlb etmək, 2030-cu ilə qədər isə bu rəqəmi 10 000-ə çatdırmaqdır. Makronun hədəfi 2035-ci ilə qədər sxemə 50 000 gəncin cəlb olunmasıdır.
Makronun köməkçilərinin sözlərinə görə, Fransa 2030-cu ilə qədər ehtiyatda olanların sayını hazırkı təxminən 47 min nəfərdən 100 minə çatdırmaq niyyətindədir. Bu halda ordunun ümumi sayı 2030-cu ilə qədər təxminən 210 min nəfər təşkil edəcək.
BÖYÜK BRİTANİYA
Britaniyanın müdafiə naziri bildirib ki, hökumət növbəti parlament dövründə (ehtimal ki, 2029-cu ildə başlayacaq) ordunun sayını ən azı 76 000 tamştatlı əsgərə qədər artırmağı hədəfləyir, çünki məhz həmin vaxt maliyyələşdirmə genişlənməyə imkan verəcək.
Hazırda ordunun sayı 74 minə yaxın, ehtiyatda olanların sayı isə təxminən 25 mindir. Ümumi silahlı qüvvələrin heyəti isə təxminən 181 min nəfərdən ibarətdir.
Britaniya hazırda mövcud heyəti qoruyub saxlamağa və xidməti müasirləşdirməyə diqqət yetirir. Məcburi hərbi xidmətin tətbiqi planlaşdırılmır.
DANİMARKA
Danimarka 2026-cı ildə hərbi xidmət müddətini dörd aydan 11 aya qədər artırmağı və 2033-cü ilə qədər çağırışçıların sayını təxminən 5 000-dən 7 500-ə çatdırmağı planlaşdırır. 2025-ci ildən etibarən Danimarka qadınların da hərbi qeydiyyata alınmasını tələb edir.
FİNLANDİYA
Finlandiya kişilər üçün icbari hərbi xidmət vasitəsilə 280 000 nəfərlik müharibə dövrü qoşun gücünü qoruyub saxlayır və hər il ehtiyat qoşunlara təxminən 20 000 yeni əsgər əlavə edir. Lakin doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə ehtiyatda olanların sayını məhdudlaşdıra bilər.
Finlandiya Müdafiə Qüvvələrinin komandanı general Yanne Yakkola bu yaxınlarda ictimai yayımçı YLE-yə bildirib ki, yaxın illərdə ölkə icbari hərbi xidmətin hazırda könüllü xidmət edə bilən qadınlara da şamil edilməsini nəzərdən keçirməlidir.
Kişilər 60 yaşına qədər xidmətə cəlb oluna bilərlər, lakin hökumət yaş həddini 65-ə qaldırmaq istəyir. Bu dəyişiklik Finlandiyanın hərbi ehtiyatını 2031-ci ildə 870 min nəfərdən təxminən 1 milyona çatdıracaq.
İTALİYA
Müdafiə naziri Quido Krosetto noyabr ayında dərc olunmuş strateji hesabatda bildirib ki, İtaliyanın hibrid müharibə təhdidlərinə qarşı mübarizə aparmaq üçün 5 000 nəfərlik yeni mülki və hərbi bölməyə təcili ehtiyacı var. Onun sözlərinə görə, hər zaman aktiv olmalı olan yeni bölmə ilkin mərhələdə 1 200-1 500 nəfəri işə götürə bilər və bu say tədricən 5 000-ə çatdırılacaq.
İtaliya Müdafiə Nazirliyi bildirib ki, müntəzəm işə qəbul kampaniyası 2025-ci ildəki 6 500 nəfərlik çağırışla müqayisədə 2026-cı il üçün “müddətli müqavilə” ilə 6 000 könüllünü qəbul etməyi hədəfləyir.
NİDERLAND
İctimai yayımçı NOS mart ayında bildirib ki, Niderland öz ordu heyətini 74 mindən 200 minə çatdırmaq istəyir və burada əsas diqqət ehtiyatda olanların potensialının genişləndirilməsinə yönəldiləcək.
POLŞA
NATO-nun ən böyük ordularından birinə malik olan Polşa 2026-cı ildə təxminən 400 min nəfərin hazırlanmasını nəzərdə tutan geniş planın tərkib hissəsi kimi hərbi təlim proqramına başlayacaq. Bu barədə ölkənin Müdafiə Nazirliyi noyabrda məlumat yayıb.
Təlimlər könüllü və bütün vətəndaşlar üçün açıq olacaq; proqrama əsas təhlükəsizlik kursu, sağ qalma təlimi, tibbi təlimat və kibergigiyena dərsləri daxildir.
RUMINİYA
Rumıniya Rusiyanın Ukraynaya hücumundan bəri daha yüksək maaş və hərbi təhsili təşviq edərək könüllülərin cəlb edilməsini sürətləndirib. Ümumi sayın sabit qalmasına baxmayaraq, Müdafiə Nazirliyindəki mənbələr Rumıniyanın yüksək ixtisaslı kadrların, o cümlədən qırıcı təyyarə pilotlarının və hava hücumundan müdafiə və raket avadanlıqlarından istifadə üzrə təlim keçmiş qüvvələrin hazırlanması və saxlanılmasında çətinlik çəkdiyini bildiriblər.
Parlament bu yaxınlarda 18-35 yaşlı kişi və qadınlar üçün könüllü ordu xidmətini tənzimləyən qanun layihəsini təsdiqləyib. Qanun dörd aylıq ödənişli təlim və xidmət bitdikdən sonra üç aylıq ümumi əmək haqqına bərabər bonus təklif edir.
İSVEÇ
İsveç 2017-ci ildə məcburi hərbi xidməti bərpa edib. Bu il 7 000-dən çox çağırışçı xidmətə qəbul edilib, daha 1 000 nəfər isə ayrıca könüllü olub. Ölkə bu rəqəmi 2032-ci ilə qədər 12 000-ə çatdırmağı hədəfləyir.
Məcburi xidmətin ordunun genişlənməsi üçün lazım olan əsgərlərin böyük hissəsini təmin edəcəyi gözlənilir, lakin peşəkar zabitlərin işə götürülməsi daha ciddi problem ola bilər, çünki yaxın beş il ərzində çox sayda zabit təqaüdə çıxacaq.
2023-cü ilin sonunda İsveç silahlı qüvvələrində 9 700 peşəkar zabit çalışıb. Bu rəqəmin 2035-ci ildə ən azı 11 800-ə çatdırılması planlaşdırılır. Silahlı qüvvələrdə mülki heyətin sayının yaxın illərdə təxminən 30% artacağı gözlənilir.












