Rusiyada generalitetə açılan SAVAŞ: Ukrayna alternativ yollara əl atır?
“Rusiyada generalların öldürülməsində Ukrayna kəşfiyyatının əli ola bilər”.
Bu fikirləri Rusiyada general-leytenantı Fanil Sarvarovun öldürülməsi barədə danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Yenicag.az-a açıqlamasında bildirib.
Politoloq generalların öldürülməsinin təsadüf ola bilməyəcəyini qeyd edib:
“Burada Ukrayna kəşfiyyatının əlinin olması ehtimalı yüksəkdir. Ukrayna məsələsi ilə bağlı vəziyyət kifayət qədər mürəkkəbdir. ABŞ Rusiya ilə bağlı royal münasibəti və Rusiyanın maraqlarını nəzərə alması Ukraynanı daha çətin vəziyyətə salıb. Digər tərəfdən, Aİ müharibənin davam etdirilməsi tərəfdən çıxış edir, amma ittifaqın Ukraynaya həlledici şəkildə dəstəyi yetərli olmadığı üçün burada vacib faktor Amerikanın mövqeyidir. Aİ Tramp üzərində təzyiqi də artırır ki, Trampın Rusiya ilə bağlı siyasətində düzəlişlərə nail olsun. Görünür, bu hələ mümkünsüz görünür. ABŞ-nin son münasibəti ondan ibarətdir ki, döyüş davam etsin və Ukrayna daha çətin vəziyyətə düşməklə Amerikanın tezisləri özünü doğrultsun”.
Ə. Zülfüqaroğlu qeyd edib ki, bu sui-qəsdlərin arxasında, böyük ehtimal, Ukrayna kəşfiyyatı dayanır:
“Bütün bunlar Ukraynanı alternativ yollara əl atmağa sövq edir. Assimetrik savaşların davam edilməsi, eyni zamanda, sui-qəsd kimi hadisələrlə Rusiya daxilində gərginliyin yaranması, Rusiyanı çətin vəziyyətə salmaq stratejiyasını həyata keçirir. Hesab edirəm ki, belə sui-qəsdlərdə Ukrayna kəşfiyyatının əli istisna olmamalıdır”.
Nurlan Cəfəri












