Miqrantlar Rusiyada TƏLƏYƏ DÜŞÜR: "Bir müddət sonra hamısı müharibəyə cəlb olunacaq"
“Rusiya Hindistandan gələn miqrantları bir müddət sonra müharibəyə cəlb edəcək”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib.

Politoloq Rusiyaya Hindistandan miqrant axınının son vaxtlar çoxalmasını şərh edib:
“Son vaxtlar Rusiyada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi və müharibəyə Rusiyada yaşayan miqrantların qanunsuz olaraq aparılması, müharibəyə getməkdən imtina edənlərə isə sərt tədbirlər görülməsinə rəğmən, ölkədə yerli əhali arasında hərbi çağırışa yararlı olanlar və miqrantlar ölkədən getməyə başladılar. Rusiya son zamanlar miqrantlara qarşı sərt qanunlar qəbul edir. Bu nöqteyi-nəzərdən də görürük ki, ölkədə işçi qüvvəsi problemləri var; küçələrdə zibillər tökülüb qalır, təmizlik problemləri, iş problemləri yaşanır. Rus icmaları hökumətə müraciət ünvanlayaraq bildirirlər ki, miqrantlar gedib, özləri işləməli olurlar. Ona görə də, Rusiya Hindistandan ucuz işçi qüvvəsi cəlb edir. Hindistan dünyanın ən çox əhalisi olan ölkəsidir. Onun da böyük hissəsi işsizdir. Günü öz ölkəsində 1-2 dollara işləyən adamlar üçün Rusiya böyük iş potensialıdır. Ona görə də son zamanlar Hindistandan və Çindən Rusiyaya, eləcə də Ermənistana çox sayda miqrant axını başlayıb.”
E. Həsənov hesab edir ki, hind miqrantlar yaxın dövrdə müharibəyə cəlb edilə bilər:
“Düşünürəm ki, hind miqrantlar da işə başlayandan bir müddət sonra Rusiya maaş vəd edərək onları da müharibəyə cəlb edə bilər. Hesab edirəm ki, Rusiya həm çirkli, ağır işlərdə istifadə üçün işçi qüvvəsini artıracaq, həm də döyüşlərdə həmin şəxslərdən istifadə edəcək.”
Nurlan Cəfəri












