Özbəkistan Jurnalistlər İttifaqı Azərbaycan mediasında Özbəkistan mövzusu, iki ölkə arasında dostluğu geniş təbliğ edən azərbaycanlı jurnalistləri mükafatlandırıb.
Xəbəri Yenicag.az-a dekabrın 28-də qardaş Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən veriblər.
Xəbərdə deyilir ki, Mərkəz 2022-ci il üzrə elan olunan Özbəkistanda Azərbaycana dair keçirilən müsabiqəyə yekun vurub.
“Bununla əlaqədar Mərkəzdə keçirilən mərasim Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramına həsr olunub. Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Jurnalistlər İttifaqının rəhbərliyi, ictimaiyyət nümayəndələri, elm, mədəniyyət, ədəbiyyat xadimləri, jurnalistlər, yerli azərbaycanlılar iştirak edib”, – deyə xəbərdə bildirilir.
O da bildirilir ki, “tədbir çərçivəsində Özbəkistan Jurnalistlər İttifaqının rəsmisi, tanınmış jurnalist Akbar Maqdiyev çıxış edərək Azərbaycanda Özbəkistan mövzusunu, dostluğumuzu, əməkdaşlığımızı geniş təbliğ edən bir sıra azərbaycanlı jurnalistlərin Özbəkistan dövləti tərəfindən xüsusi mükafata layiq görüldüyünü bildirib. Akbar Maqdiyev sözügedən jurnalistlərin Azərbaycan elektron KİV-də monitorinq aparılaraq müəyyən edildiyini qeyd edib”.
Mərkəz bildirir ki, “Azərbaycan mediasından mükafata “Mədəniyyət” qazetinin əməkdaşı Lalə Azəri, “Yeni Müsavat” media qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, azərbaycanlı yazıçı-türkoloq – jurnalist Yunus Oğuz, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, “Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazar-publisist Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının ədəbiyyat şöbəsinin müdiri İntiqam Yaşar layiq görülüb.
Tədbirdə A.Maqdiyev xüsusi mükafatları azərbaycanlı jurnalistlərə göndərmək məqsədi ilə sözügedən Mərkəzə təqdim edib.
“Sonda Mərkəzin direktoru Samir Abbasov Özbəkistan Jurnalistlər İttifaqına mükafatlandırma üçün öz təşəkkürünü bildirib və qeyd edib ki, bu münasibət Azərbaycan jurnalistlərində stimul yaradacaq, mətbuatımızda qardaş Özbəkistanla dostluq və əməkdaşlığımıza dair çox sayda materialların yayılmasına səbəb olacaq.” Xəbər bu sözlərlə bitir.
www.yenicag.az