Bakıda keçiriləcək “Qarabağ”-“Sevilya” oyunu ilə bağlı Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə Yenicag.az-a “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bununla bağlı tədbirlər planı hazırlanıb:
“Plana əsasən, oyunla bağlı metro bu gün gücləndirilmiş iş rejimində çalışacaq. Əsasən, metronun “Gənclik” və “Nəriman Nərimanov” stansiyaları gücləndirilmiş rejimdə işləyəcək. Oyun saat 20:55-də başlandığı üçün metro stansiyalarının gecə saat 00:00-dan sonra işləməsinə ehtiyac qalmayacaq. Çünki son vaxtların təcrübəsi bunu deməyə əsas verir ki, əsasən oyundan sonra sərnişinləri daşımaq üçün maksimum 1 saat vaxt lazım olur. Bu da metronun ümumi iş saatına düşür. Buna baxmayaraq, stansiyalarda nəzarətçilərin sayı artırılıb, “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarına əlavə işçi qüvvəsi cəlb ediləcək. Oyundan sonra sərnişinlərin sona qədər tam təhlükəsiz daşınması üçün bütün tədbirlər görülüb. Ehtiyat qatarlar hazır vəziyyətə gətirilib. Əgər ehtiyac olarsa, qatarlar arasında interval azaldılacaq və həmin ehtiyat qatarlar xəttə buraxılacaq”.
Xatırladaq ki, bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Qarabağ” Bakıda Tofiq Bəhərmov adına stadionda “Sevilya” komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.