Bakıda fəaliyyət göstərən “Avis” apteklərində əməliyyat keçirilib.
Bu barədə məlumatı Musavat.com-a aptek işçilərindən biri verib. Məlumata görə, əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilib və bütün aptekləri əhatə edib. Əməliyyat zamanı saxlanılanlar olub, bir neçə aptek nümayəndəsi isə izahat alınması üçüm DTX-yə aparılıb.
İlkin məlumata görə, əməliyyatın keçirilməsinə bu apteklərdə satılan dərman vasitələrinin keyfiyyəti ilə bağlı kütləvi şikayətlər səbəb olub. “Avis” apteklərindən alınan dərmanlardan ziyan çəkənlərin olduğu bildirilir.
“Avis” tibbi marketinin Türkiyə vətəndaşı olan baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumatlar var.
Şirkətdən Bakıda “Avis” apteklərinin hamısının bağlı olduğunu təsdiqləyiblər. Müştəri xidmətlərinin əməkdaşı bildirib ki, bu, müvəqqəti xarakter daşıyır. O, əməliyyat keçirilməsi barədə məlumatı təsdiqləməyib və apteklərin hamısının birdən bağlanmasını mal sayımı ilə əlaqədar olduğunu iddia edib.
Qeyd edək ki, Avis Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Həmin yanvarında şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki fəaliyyətə başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb. 2006-cı il mart ayından Azərbaycanda ilk “Tibbi Market” konseptli xidmət göstərilməsinə başlanılıb. Bütün şöbələr Avis Tibbi Marketlər kimi adlandırılıb.
www.yenicag.az