!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bankların üzləşdiyi YENİ TƏZYİQ: Şəhid ailələri və qazilərin kredit borcları necə tənzimlənsin? - VİDEO

!Reklam – Yazi

“Şəhid ailələri və qazilərin kredit borclarının bağlanması üçün Xüsusi İctimai Fond yaradılmalıdır”.

Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində apardığı Vətən Müharibəsinin gedişində cəmiyyət də Ordumuza dəstək üçün bütünlüklə səfərbər olmuşdu.

Lakin son günlər cəbhədə döyüşən, şəhid və ya qazi olan hərbçilərimizin ailələrinə kredit borclarının ödənilməsi tələbi ilə banklardan zənglərin daxil olması cəmiyyətdə ciddi təpkilər doğurub.

Bununla belə, problemli kreditlərə görə bankların vəziyyətinin ağırlaşdığı bir şəraitdə onlardan əlavə güzəştlərin tələb olunması da asan deyil. Başqa sözlə, hərbçilərin, o cümlədən, qazi və şəhid ailələrinin kreditlərinin silinməsi, yaxud da, onlara güzəştlərin tətbiqi bank sektorunu daha da çıxılmaz duruma salacaq.

O baxımdan, şəhid ailələri və qazilərin kredit borclarına güzəştlərin tətbiqi ilə yanaşı, bank sektorunu da ayaqda saxlayacaq balanslı addımın atılması daha məqsədəuyğun görünür.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, bu məsələdə məhz bankların üzərinə getmək düzgün deyil və problemin optimal həlli üçün ictimai həmrəylik vacibdir:

“Vətən Müharibəsininin iştirakçısı olmuş şəxslərin borcları üzrə Xüsusi İctimai Fondun yaradılmasına ehtiyac var. Bu Fonda banklar, bank olmayan kredit təşkilatları, digər kreditorlar, ticarət şəbəkələri və adi vətəndaşlar könüllü əsaslarla maddi dəstək ola bilərlər.

Lakin bir şərtlə ki, Fondun fəaliyyəti şəffaf şəkildə həyata keçirilsin və sui-istifadə hallarına yol verilməsin. Çünki sözügedən məsələ həmrəylik tələb edir.

Cəmiyyətdə bankların hərbçilərin və şəhid ailələrinin kredit borclarının bağışlaması ilə bağlı fikirlər səsələndirilsə də, bu, konstruktiv yanaşma deyil. Ona görə ki, cəbhədə döyüşən, şəhid və ya qazi olan insanların borcu təkcə banklara deyil.

Bəzilərinin kredit təşkilatlarına, mallarını nisyə satan ticarət şəbəkələrinə də borcu var.

Ona görə də, bu məsələdə məhz bankların üzərinə getmək doğru olmazdı. Nəzərə alaq ki, ölkədə əhali ilə sıx işləyən bankların sayı da çox azdır. Bəzi banklar borcları tamamilə silə bilər, amma bankların əksəriyyəti buna hazır deyil. Çünki özlərinin kifayət qədər vəsaiti yoxdur”.

Əkrəm Həsənov vurğulayıb ki, banklar kredit borclarını yalnız əmanətçilərin vəsaiti hesabına silə bilərlər. Bu isə bankların müflisləşməsinə yol açır:

“Çünki bankların maliyyə vəziyyəti pisləşsə, Mərkəzi Bank onların lisenziyasını ləğv edə bilər. Necə ki, bu ilin aprel-may aylarında dörd banka münasibətdə bunun şahidi olduq. Ona görə də bankların müflisləşəcəyinə səbəb olacaq bağışlama qərarı uğurlu addım olmaz”.

Gülşən Şərif

www.yenicag.az

4069
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv