Baş həkim işdən qovuldu
Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının iclası keçirilib. İclasda Sabirabad Perinatal Mərkəzində son aylarda baş vermiş ana ölümləri faktları geniş müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müzakirələr və aparılan araşdırmalar zamanı Sabirabad Perinatal Mərkəzinin aidiyyatı şəxslərinin öz işlərində bir sıra nöqsanlara yol verdikləri aşkarlanıb və buna dair komissiya üzvləri tərəfindən yetgil qərar qəbul edilib. Qərar əsasında Doğuşayardım Komissiyası Sabirabad Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyinə müraciət ünvanlayıb. Müraciətdə qısa müddət ərzində Sabirabad Perinatal Mərkəzin direktoru V. Məmmədovun tutduğu vəzifəsindən azad edilməsinə dair müvafiq qərarın qəbul edilməsi və bu barədə Səhiyyə Nazirliyinə qısa vaxt ərzində məlumat verilməsi tövsiyə olunur.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə yayılan videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə rüşvət söhbəti etdiyi əks olunub.
O, xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gəlirinin olmadığını söyləyir. Həkim isə qarşılığında həmin pulun xəstənin dərmanlarının və “narkoz verənin” pulu olduğunu deyir.