Biləsuvar Mübariz Təhsil Kompleksi beynəlxalq məktəb statusu əldə etdi
Biləsuvar Mübariz İbrahimov adına Təhsil Kompleksi beynəlxalq təhsil sahəsində mühüm uğura imza atıb.
Yenicag.az xəbər verir ki, kompleks rəsmi olaraq “Cambridge Beynəlxalq Məktəbi” statusu əldə edib. Bununla da müəssisə dünyanın 160-dan artıq ölkəsində fəaliyyət göstərən 10.000-dən çox Kembric məktəbindən birinə çevrilib.
150 illik tarixə malik olan Kembric təhsil proqramı Böyük Britaniyanın nüfuzlu Kembric Universiteti tərəfindən yaradılıb və bu model bu gün milyonlarla şagirdə yüksək keyfiyyətli təhsil verir.
Biləsuvar Mübariz Təhsil Kompleksində ilkin mərhələdə 5–11 yaş arası şagirdlər – məktəbəqədər qruplardan V sinfə qədər – Kembric kurikulumu əsasında təhsil alacaqlar. Tədris tam şəkildə ingilis dilində həyata keçiriləcək.
Qeyd edək ki, Kembric proqramına lisenziya almaq üçün təhsil müəssisəsindən bir sıra ciddi meyarlar – müasir idarəetmə sistemi, innovativ və effektiv tədris metodları, eləcə də güclü tədris infrastrukturu tələb olunur. Mübariz Təhsil Kompleksi bu tələblərə cavab verərək beynəlxalq akkreditasiyaya layiq görülüb.