“Bir Osimhenə verilən pulla “Qarabağ” 3 il büdcəsini saxlaya bilər” – Türk klublarının Avropa fiaskosunun SƏBƏBİ NƏDİR?

media-hightechnic-468x90

“Bir çoxları dünənki oyundan sonra sual edirlər ki, “Qarabağ”ın potensialı həqiqətən böyükdürmü? Əgər potensialı müqayisə etsək, təbii ki, “Qalatasaray”ın potensialı daha böyükdür. Amma məsələ həmin potensialdan necə istifadə edilməsindədir. “Qarabağ” əlində olan resurs və imkanlardan maksimum yararlana bilir. Məsələn, bir Osimhenə verilən məbləğlə “Qarabağ” üç il büdcəsini saxlaya bilər”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış idman jurnalisti Kənan Məstəliyev deyib.

media-kenan-mesteliyev

O, ötən gün UEFA Çempionlar Liqasının I turunda baş tutan “Ayntraxt” 5:1 “Qalatasaray” matçı, habelə sosial şəbəkələrdə “Qarabağ”ın digər Türkiyə təmsilçilərinə nisbətən daha potensiallı olması haqqında səslənən iddialara münasibət bildirib.

K. Məstəliyeva görə, əlində olan resurslardan səmərəli istifadə, qənaətcil yanaşma, futbolçulardan maksimum fayda götürmək bacarığı “Qarabağ”ı bu günə qədər gətirib çıxarıb:

“Yəni böyük transferlər etmədən, böyük məbləğlər xərcləmədən, maliyyəni düzgün idarə etməklə və sistem qurmaqla uğur qazanmaq mümkündür. Burada əsas məsələ həm qələbələrdən, həm də məğlubiyyətlərdən düzgün nəticə çıxarmaq, planlı şəkildə işləməkdir. “Qarabağ”ın əldə etdiyi nəticəni hər kəs əldə edə bilər”.

“Kayrat” məsələsinə gəlincə, müsahibimiz əlavə edib ki, bu, artıq ayrı bir mövzudur:

“Almatı təmsilçisi Çempionlar Liqasında təzə formalaşan komandadır. “Sportinq” isə çox güclü rəqib idi. Bizim “Benfika” üzərindəki qələbəmiz ayrıca məsələdir, amma Sportinq səviyyə baxımından çox ciddi komandadır. Yadımdadır, təxminən 7 il əvvəl “Qarabağ” Lissabonda “Sportinq”dən 2:0 hesabı ilə məğlub qayıtmışdı. Evə də 1:6 məğlub olmuşduq. Amma “Qarabağ” həmin məğlubiyyətdən də nəticə çıxararaq bu səviyyəyə qədər gəldi. Mən inanıram ki, “Kayrat” da indiki məğlubiyyətdən nəticə çıxaracaq. Bir məğlubiyyətə görə tələsik nəticə çıxarmaq düzgün olmaz. Bir-iki oyun gözləyib sonra danışmaq daha ədalətli olar”.

Onun sözlərinə görə, “Qalatasaray”la bağlı məsələ isə problem sistematik və xronikidir:

“Klub Türkiyə çempionatında uğurlu çıxış etməsinə baxmayaraq, Avropada, demək olar ki, qarşısına çıxan hər rəqibə uduzur. Bu isə Türkiyə futbolunun ümumi problemlərinin göstəricisidir. Okan Buruk barəsində ayrıca qeyd etmək lazımdır: o, Avropa səviyyəli məşqçi deyil. Əslində, türkiyəli məşqçilərin heç biri Avropada ciddi uğur əldə edə bilməyib. Onlar həmişə ölkədaxili uğurlara fokuslanıblar. Türkiyədə düşüncə belədir ki, əsasən, daxili çempionatda qələbə qazanmaq önəmlidir. Məsələn, “Qalatasaray”ın baş məşqçisi üçün “Fənərbaxça”nı məğlub etmək Avropada “Real Madrid” üzərində qələbədən daha vacib görünür. Bu səbəbdən də türkiyəli məşqçilər Avropa futboluna köklənə bilmir və nəticədə Avropada uğur gətirən sistemli futbol qurula bilmir. Yeganə istisna Fatih Terim idi ki, UEFA kubokunu qazandı, amma sonrakı Avropa macəralarında uğur qazana bilmədi”.

Sonda həmsöhbətimiz əlavə edib ki, Türkiyə futbolunda əsas çatışmayan cəhət “Qarabağ”da olan sistem və planlı işdir:

“Türkiyədə isə hələ də “birgünlük” uğurlara fokuslanırlar. Çempionlar Liqasında bəlkə gələcək turlarda “Liverpul” və ya başqa böyük klubu büdrədə bilərlər, sonra eyforiyaya qapılacaqlar. Amma dərhal sonra kiçik bir komandanı yuxarıdan aşağı görüb uduzacaqlar. Bu da sistemsizlik və plansızlığın nəticəsidir. Nəticə budur ki, Türkiyə futbolu sistem qurmadığı, planlı iş görmədiyi müddətdə Avropada heç bir ciddi uğur qazana bilməyəcək”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa