“Bizim nəzarətimizdə olan Azərbaycan əraziləri var” – Paşinyan
“Tramp yolu” Ermənistan üçün blokadanın aradan qaldırılmasını nəzərdə tutur, eyni zamanda Azərbaycanın Ermənistan ərazisindən blokadasının götürülməsini nəzərdə tutur.
Yenicag.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən “Hərtərəfli Təhlükəsizlik və Dayanıqlıq 2025” beynəlxalq konfransında çıxışı zamanı deyib.
“Təsəvvür edək ki, Ermənistan ərazisindən keçən kəmər var, onun hara getməsinin fərqi yoxdur. Bu, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün bir amildirmi? Təbii ki, amildir. Bu amilin olmaması problemə yer açır. Ona görə də “Tramp yolu” proqramı belə amillərdən biridir.
Təhlükəsizliyin qarantiyası varmı? Bəli, belə bir təminat var və o, sülhdür. Sülhdən başqa təhlükəsizliyə zəmanət ola bilməz. Amma sülh gündəlik qayğı tələb edir, ona laqeyd yanaşmaq olmaz.
Ermənistanın nəzarətində olan ərazilər var ki, Almatı bəyannaməsinə görə Azərbaycanın ərazisi olsa da, bizim nəzarətimiz altındadır. Əgər biz sülh istəyiriksə, bu şərtlərlə danışmalıyıq, əks halda, orada heç vaxt sülh olmayacaq”, – deyə Baş nazir vurğulayıb.