BMT-dən narahatedici hesabat: Süni intellekt qadın işçiləri daha çox hədəf alır

media-hightechnic-468x90

Süni intellektin iş yerlərində insanları əvəz etməsi ilə bağlı narahatlıqlar artmaqda davam edir. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatı (ILO) və Polşanın Milli Tədqiqat İnstitutu (NASK) tərəfindən yayımlanan yeni hesabat isə göstərir ki, bu texnologiyanın qadın işçilərə təsiri kişilərlə müqayisədə daha güclü ola bilər.

Yenicag.az xəbər verir ki, 2025-ci il mayın 20-də yayımlanan sənədə əsasən, yüksək gəlirli ölkələrdə süni intellektin avtomatlaşdırma riski kişilərdə 3,5% olduğu halda, qadınlarda bu göstərici 9,6%-ə çatır. Ümumilikdə isə dünyada iş yerlərinin 25%-i məhsuldar süni intellektin təsirinə məruz qala bilər. Bu rəqəm yüksək gəlirli ölkələrdə 34%-ə qədər yüksəlir.

“Fortune” jurnalının məlumatına görə, süni intellektin ən çox təsir etdiyi sahələr arasında büro və inzibati vəzifələr ön sıradadır. Bu isə qadınların daha çox təmsil olunduğu sahələrdə riskin yüksək olmasını izah edir. ABŞ Əmək Nazirliyinin məlumatına görə, 2000–2019-cu illər arasında katibə və inzibati köməkçi vəzifələrinin 93–97%-i qadınlara məxsus olub, halbuki qadınlar həmin dövrdə ümumi işçi qüvvəsinin 40–44%-ni təşkil ediblər.

Eyni zamanda, qadınların üstünlük təşkil etdiyi, emosional əmək tələb edən və baxıcılıqla bağlı işlər – məsələn, tibb bacısı və sosial yardımçı vəzifələri – hesabatda qeyd edilməyib. Ekspertlər bu iş sahələrinin süni intellektə qarşı daha davamlı olduğunu hesab edirlər.

“Bloomberg” tərəfindən aprel ayında yayımlanan hesabatda göstərilir ki, süni intellekt bazar araşdırması analitiklərinin işlərinin yarıdan çoxunu, satış nümayəndələrinin isə işlərinin üçdə ikisini yerinə yetirə bilər. Bunun müqabilində, bu sahələrin menecerlərinə aid vəzifələrin yalnız 9%–21%-i süni intellektlə yerinə yetirilə bilər.

ILO-NASK hesabatı, süni intellektin bu sahələrdəki vəzifələri tamamilə əvəz edəcəyini iddia etmir. Əksinə, bu texnologiyanın hansı işləri qismən yerinə yetirə biləcəyini müəyyənləşdirmək, işçi qüvvəsinin gələcək dəyişikliklərə uyğunlaşmasına imkan yarada bilər.

NASK-ın baş eksperti Marek Troszynski bildirib ki, bu indeks məhsuldar süni intellektin ən çox təsir edə biləcəyi sahələri müəyyən etməyə kömək edir ki, ölkələr işçiləri bu dəyişikliyə daha yaxşı hazırlasın və qorusun.

Harvard Biznes Məktəbinin professoru Rembrand Koninq isə bildirir ki, qadınların süni intellektin əhatə etdiyi sahələrə hazırlıqlı olması üçün bu texnologiyanı təhdid kimi deyil, vasitə kimi görmək lazımdır:

“Bu məsələ süni intellekt barədə düşünərkən avtomatlaşdırma və imkan yaratmaq anlayışları arasında fərqi göstərir. Bu, təhdid kimi görünə bilər – çünki qadınların çox olduğu büro işlərini avtomatlaşdıra bilər. Amma eyni zamanda bu, onlara daha yüksək maaşlı və rəqabətli vəzifələrə keçmək imkanı da verə bilər”.

Koninq qadınların süni intellekt alətlərindən kişilərdən təxminən 25% daha az istifadə etdiyini vurğulayır. Bunun səbəbi tam aydın olmasa da, aparılan tədqiqatlara görə qadınlar texnologiyanın etikası ilə bağlı daha çox narahatlıq keçirirlər. Bəziləri süni intellektə etibar etməyin onların bacarıqlarını şübhə altına ala biləcəyindən və ya “aldatma” kimi görünəcəyindən ehtiyat edirlər.

O bildirib ki, süni intellektin iş yerində istifadəsi ilə bağlı rahatlıq məsələsi təkcə qadınların deyil, idarəedicilərin və rəhbərlərin məsuliyyətidir:

“Əgər texnologiyanın tətbiqində inklüzivlik istəyiriksə, hər kəsin iştirakını təmin etmək liderlərin əsas vəzifəsidir”./qaynarinfo

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600