Bortnikovdan gərginliyi artıracaq bəyanat: “Bu, Qərb-Rusiya toqquşması ilə nəticələnə bilər”

“Azərbaycan öz ərazisinə NATO qoşunlarını buraxmaz”.

Bu fikri Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB-nin təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərləri şurasının iclasında Qərbin İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün NATO ölkələrindən özünün “sülhməramlı” kontingentini Cənubi Qafqaza daxil etməyə çalışması iddiasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Bortnikovun bu fikri regionda gərginliyi bir qədər də artıracaq.

“Qərb öncə Ermənistana Avropa İttifaqının mülki missiyası adı altında gəldi. Ardınca bu missiyaya Kanada da qoşuldu. Beləcə bu missiyanın Avropa İttifaqının yox, NATO-nun olduğunu deyə bilərik”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur.

“Rusiya NATO sülhməramlılarının Ermənistanda yerləşməsinə razı ola bilməz. Bundan əlavə, Rusiya ilə Ermənistan arasında siyasi olaraq gərginlik olsa da, iqtisadi baxımdan iki ölkə çiçəklənmə dövrünü yaşayır.

Gürcüstandakı hakimiyyət Rusiya ilə daha yaxşı münasibətlərə malikdir və iki ölkə arasında münasibətləri yaxşılaşadırmaq niyyətindədir. Oktyabrda keçiriləcək seçkilər, Qərb-Rusiya toqquşması ilə nəticələnə bilər. Bu da Cənubi Qafqazda gərginliyi bir qədər də artıracaq.

Azərbaycan NATO üzvü olan Türkiyə ilə strateji müttəfiqdir. Ancaq Azərbaycan öz ərazisinə NATO qoşunlarını buraxmaz. Hətta Avropa İttifaqının mülki missiyanı belə Azərbaycan öz ərazisinə buraxmadı. Azərbaycan hətta Rusiya sülhməramlılarını öz ərazisindən çıxmasına nail oldu. Ona görə də, Azərbaycan üzərindən bunun olacağı gözlənilmir. Yalnız Ermənistan üzərindən bunun baş verməsi mümkündür ki, bunu nə Azərbaycan, nə İran, nə də Rusiya istəməyəcək. Bunun baş verməsi müharibə ehtimalını bir qədər də artıracaq”, – deyə o bildirib.

Səxavət Məmməd

COP29