Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Böyüyün sözünə qulaq asmayıb, Milli Qəhrəman olan adam

Əksər dahilər uşaq ikən nadinc olublar. Çingiz də elə imiş. Rəhmətlik Naxış ana deyirdi ki, oğlu uşaqlıqda onu çox incidib. Kaş ki, varlığı ilə incidərdi…

23 il övladının məzarını ziyarət edən ana oğlunun həkim olmasını istəyirdi. Lakin Çingiz Mustafayev böyüyün sözünə qulaq asmayıb, Milli Qəhrəman oldu.

İnsan həyatda öz taleyini özü müəyyənləşdirir. Bəlkə də, Çingiz anasının arzularının ardınca getsəydi, indi onun barəsində heç danışmazdıq da. Ən yaxşı halda ölkənin savadlı həkimlərindən biri olaraq, ya hansısa özəl, ya da dövlət xəstəxanasının baş hakimi idi. Kreslosunda yaşlanacaq, təqaüd vaxtı çatanda da istirahətə çəkiləcəkdi, oğlu Fuadın balalarını oynadacaq, onları parka gəzməyə aparacaqdı və bununla da ona verilən ömrü başa vuracaqdı.

Lakin, Çingiz rahat həyatla barışmadı. Fuadı 9 aylığında tərk edərək, ölkənin ən çətin günündə kamerasını çiyninə alıb, ön cəbhəyə yollandı. O, döyüş zonalarında təkcə reportyorluq etmədi. O, Xocalıda başımıza gətirilən müsibətləri təkcə kamerasıyla yox, həm də ürəyində çəkdi. Don vurmuş cansız körpə cəsədi qarşısında “üzünü qaldır, üzünü” deyə, hönkürdü, Laçından çıxan əsgərlərə “hamınız qorxaqsuz, arvadsuz” deyə bağırdı. Çingiz bu emosianallığı ilə ən yeni teletarixin ən dramatik səhifələrini yazdı. Çingiz çəkdiyi kadrlarla peşəkar reportyorluğundan başqa, həm də əsl insan, əsl vətəndaş olduğunu isbatladı. Çingiz həm də atası Fuad Mustafayevin arzusunu reallaşdıraraq, hərbçi olmağı bacardı.

Mən də Qarabağdanam, müharibə uşağıyam. Dünyanın ən qorxulu filmlərində göstərilən dəhşətli səhnələrə Ağdamda canlı şahidlik edəndə cəmi 5 yaşım var idi. İndi kiməsə həmin dəhşətli anları danışanda görürsən ki, qarşındakı bunu adi və soyuqqanlı şəkildə qəbul edir. Yaşadığın dəhşəti hər nə qədər həssaslıqla anlatsan belə, bunu anlamır. Uzağı sənə verdiyi təsəlli isə bir cümlədən ibarətdir: “Allah erməniyə lənət eləsin!”

Yaşananları hiss etdirmək üçün də çəkib göstərmək lazım idi ki, bunu da Çingiz bacardı. Yoxsa erməni hayasızlığı qarşısında çətin ki, dünyaya nəyisə isbatlaya bilərdik. Azərbaycan prezidenti İlham Əliyev cənablarının da dediyi kimi, Çingizin lentə aldığı kadrlar erməni qəsbkarlarına sənədli ittihamdır. Çingiz kimi insanlar Azərbaycanın milli sərvətidir.

Yazıda öz ölümünü çəkən adam barəsində danışanda ona Çingiz deyə xitab edirəm. Bu əsla hörmətsizlik kimi qəbul edilməsin. Mənə görə, Çingiz hələ də yaşayır, hələ də 32 yaşındadır. Biz yaşıdıq, amma tay-tuş deyilik. Çünki Çingizə heç kim tay ola bilməz!

Mənim kimi bir çoxları, elə oğlu Fuad da atası Çingizi çəkdiyi kadrlardan, hazırladığı reportajlardan, əsgərlərlə müsahibələrindən tanıyır. Arxiv görüntülərə baxa-baxa Çingizin kim olduğunu öyrəndik. Öyrəndik ki, o bu dünyaya dərd çəkmək üçün gələn insan imiş…

Emin Səfərov

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” mövzusundakı müsabiqəsinə təqdim olunur

www.yenicag.az

3699
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS