Uzun müddətlik səssizlikdən sonra yenidən kompüterin qarşısına keçib belə bir məsələ haqqında yazmaq mənim üçün ağrılıdır. Ona görə ki il-ilyarım əvvəl yazdığım yazılarda hadisələrin bu dərəcəyə gəlib çatmasının anonsunu vermiş, “Sözümüz var”da bu barədə eninə-boyuna danışmışdıq. Ancaq danışıqlarımız elə danışıqda qalır və cəmiyyətin çarxı necə var, elə də dönür. Bu döndürmənin başında kimin dayanması isə önəmsizdir. Çünki cəmiyyət idarə oluna bilən orqanizmadan çoxdan çıxmalıydı. Ancaq tam tərsi olur: Toplumumuzun fikrini istənilən anda yayındırmaq, başqa yerə yönəltmək hər keçən gün daha da asanlaşır.
Ailə üzvlərini qətlə yetirən caninin şokunu canımızdan atmadan bu səfər bir qızın digərinə qarşı bullinq etməsinin görüntüləri ilə sarsıldıq. Bu, yetişən gəncliyin görüntüsünün bir parçası idi, əslində. Bu, yeniyetmə psixologiyasının nə dərəcədə pozulduğunun və bu pozulmanın qarşısını almaq üçün heç bir tədbir görülmədiyinin təsdiqi, kriminallaşan gəncliyin reklamıydı.
Bu gün yeniyetmə və gənclər xarici təsirlərə çox məruz qalırlar və həmin təsirlər onların düşüncələrində yer edir. Televizorda maarifləndirici, tərbiyəvi verilişlərin sayı azdır və ya yox dərəcəsindədir, hər axşam efirləri cürbəcür maqazin verilişləri zəbt edir, sosial şəbəkələr barədə isə danışmağa heç dəymir, çünki bu şəbəkələrin açarı onu idarə edənin əlindədir, nəyə məruz qalacağını özün müəyyənləşdirirsən.
Bir qızın digərinin saçını kəsməsi, alnına qeyri-etik söz yazması, başında yumurta sındırması və bunun ətrafdan eləcə seyr edilməsi nəyin göstəricisidir? Yuxarıda sadaladıqlarımın və ən əsası, sağlam ailə mühitinin olmamasının. Bunu ailəsini qətlə yetirən Əhməd Əhmədov timsalında gördük. Ailənin önəmini bir daha, bu dəfə həm də çox vəhşicəsinə dərk etdik. Di gəl eynitipli davranışlar və mənə görə, cinayətlər səngimir. Səbəbi sadədir: Təməli dağılmış ailə quruluşunu yenidən sağlam bünövrəyə oturdulması mümkünsüzdür.
Məsələnin digər tərəfi də var: Nə üçün hadisənin səbəbkarı kimi məktəb hədəf göstərilir? Məktəbin direktorunun valideynlərin övladlarını necə (“zarafat edib”) müdafiə etdiyini söyləməsi niyə onun sözü kimi yayılır və sanki xanım direktor bunu deyibmiş kimi ictimaiyyətə ötürülür? Onsuz da məktəblərimiz yaralıdır, müəllimlərimiz küskün, hər günah yıxılır onların boyunlarına, ancaq dönüb heç kəs özünə, ailəsinə baxmır və ya “uşağım, görəsən, çöldə necə davranır?” sualını özündən soruşmur.
Deyə bilərəm ki, məktəb heyəti də hadisənin şokunu yaşayır. Yaxından tanıdığım müəllimləri daha çox üzən şey isə sanki hadisənin səbəbkarı onlarmış kimi topluma yansıdılmasıdır. Hər halda, o müəllimlərin işlərinə necə vicdanla yanaşdıqlarının şahidiyəm. Gəlin ucsuz-bucaqsız okeanda şagirdlərə öz övladları kimi yanaşaraq onlara üzməyi öyrədən müəllimlərimizi boğmağa çalışmayaq, onları etibarsızlaşdırmayaq və heç bir siyasi manipulyasiyaya alət etməyək.
www.yenicag.az