SON DƏQİQƏ: Türkiyə ilə Ermənistan arasında razılıq əldə olundu
Türkiyə ilə Ermənistan dövlət sərhədinin açılması prosesini sürətləndirmə barədə razılığa gəlib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşünə dair bəyanatında qeyd olunub.
Bildirilib ki, xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan 2025-ci il sentyabrın 12-də İrəvanda altıncı görüşlərini keçiriblər.
Görüş zamanı onlar Türkiyə ilə Ermənistan arasında tam normallaşma prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlərində üzərində işlədikləri və razılaşdırdıqları məsələləri bir daha təsdiqləyiblər. Bu çərçivədə 1 iyul 2022-ci il tarixində keçirilmiş görüşlərində əldə olunmuş sərhəd keçidlərinə dair razılaşmanın həyata keçirilməsi mövzusunda fikir mübadiləsi aparıbar. Xüsusi nümayəndələr bu prosesin sürətləndirilməsi barədə razılığa gəliblər.
“Xüsusi nümayəndələr həmçinin Qars-Gümrü dəmiryolun və elektrik interkonnektorunun bərpası və fəaliyyətə başlaması istiqamətində hər iki ölkənin aidiyyəti qurumlarının zəruri texniki işlər aparması barədə qərar qəbul ediblər.
Bundan əlavə, xüsusi nümayəndələr mədəniyyət və elm sahələrində əməkdaşlığı gücləndirmək üçün, xüsusilə ali təhsil tələbələri üçün təqaüd imkanlarının yaradılması və tarixi İpək Yolu körpüsünün birgə bərpası vasitəsilə səylər göstərilməsi barədə razılığa gəliblər.
Xüsusi Nümayəndələr həmçinin, maraqlı digər aviaşirkətlərin 2026-cı ilin yayından etibarən müxtəlif istiqamətlərə uçuşlara başlaması üçün zəruri işlərin aparılması və bununla da iki ölkə arasında hava əlaqələrinin və uçuş sayının artırılması barədə də anlaşmaya varıblar”, – bəyanatda vurğulanıb.