İrəvan bu kəndləri Bakıya QAYTARIR? – “Mirzoyanın “yeni inkişaflar” barədə danışması...”
“Ermənistan rəhbərliyinin atacağı addımlar regionun gələcəyi üçün mühüm təsirlərə malik ola bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Analitik Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın sərhədlərin demarkasiyası məsələsi ilə bağlı bəzi yeniliklərin ola biləcəyinə dair verdiyi açıqlamanı şərh edib.
Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın sərhədlərin demarkasiyası ilə bağlı son açıqlaması bu proseslə bağlı mühüm irəliləyişlərin olduğunun göstəricisidir:
“Ümumiyyətlə, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının dövlət mövqeyi birmənalı və dəyişməzdir. Belə ki, ölkənin ərazi bütövlüyü tam şəkildə təmin olunmalıdır. Heç şübhəsiz ki, bu mövqeyimiz BMT Nizamnaməsi və digər beynəlxalq sənədlərə əsaslanır. Ermənistanın 1990-cı illərin əvvəllərində işğal etdiyi və bu günədək nəzarətində saxladığı Qazax rayonunun 4 kəndi Azərbaycanın ayrılmaz hissəsidir və bu kəndlər qeyd-şərtsiz qaytarılmalıdır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Ararat Mirzoyanın bəyanatı kifayət qədər diqqət çəkir. Onun “yeni inkişaflar” barədə danışması, lakin təfərrüatları açıqlamaması onu deməyə əsas verir ki, proses çox həssas mərhələdən keçir”.
A. Qurbanova qeyd edib ki, Ermənistan hər bir halda Azərbaycanın şərtlərinə əməl edərək addım atmalıdır:
“Amma hər bir halda Ermənistan tərəfi də bu məsələdə Azərbaycanın açıq və konstruktiv mövqeyini əsas götürərək prosesin sürətləndirilməsi üçün real addımlar atmalıdır. Cənab Prezidentin dəfələrlə vurğuladığı kimi, regionda davamlı sülh yalnız beynəlxalq hüquq normalarına hörmət, sərhədlərin qarşılıqlı tanınması və revanşist yanaşmalardan birmənalı şəkildə imtina olunması nəticəsində mümkün ola bilər. Nəticə etibarilə, separatizmdən və işğalçılıq siyasətindən əl çəkdiyini bəyan edən Ermənistanın mövcud hərbi-siyasi hakimiyyəti erməni cəmiyyətinə real geosiyasi şərtləri və beynəlxalq hüququn tələblərini izah etmək məsuliyyətini daşıyır”.
“İndiki məqamda Ermənistan rəhbərliyinin atacağı addımlar regionun gələcəyi üçün mühüm təsirlərə malik ola bilər. Əgər həqiqətən də sərhədin digər hissələrinin də dəqiqləşdirilməsi və işğalda qalan kəndlərin qaytarılması istiqamətində real irəliləyiş əldə olunarsa, bu iki ölkə arasında münasibətlərin normallaşmasının sürətlənməsi ilə yanaşı, Cənubi Qafqazda davamlı sülhün təmin olunması nöqteyi-nəzərindən önəmli addım ola bilər”, – deyə o, fikirlərini tamamlayıb.
Nurlan Cəfəri