!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Büdcə zərər(verici)lərinin növbəti hədəfi - Çingiz Özgür yazır

!Reklam – Yazi

Bizim Milli Məclis ildə iki dəfə maraqlı olur. Bir dəfə xalq üçün, ikincində isə özləri üçün. Xalq üçün maraqlı olan büdcə müzakirələri vaxtıdır, özləri üçün maraqlı olan isə, hökumətin Milli Məclisdə hesabat verdiyi vaxtlardır.

Qalan vaxtlar zaman-zaman hansısa deputatın hansısa orqanı sərt tənqid edən çıxışları epizodvari maraq kəsb edir. O da məsələnin mahiyyətini bilməyənlər üçün. Bilənlər bilir ki, bu deputat o orqanı hansısa xalaoğlusunun şirkətinin həmin orqanla olan probleminə görə tənqid edir. Hətta asıb-kəsir. Düşünməyin ki, bizim deputatlar xalaoğlu sevərdilər, yox, burada da kiçik nüans var, ya o şirkət elə məhz bu tənqidçi deputatın özünündür, belə rəsmiləşdirib, ya da o problemin həllində ciddi maddi marağı var.

Qayıdaq maraqlı günlərə.

İkincisindən başlayaq. Çünki bilirəm, suallar yaranır ki, bizim hökumətin, yəni nazirlərin hesabat verməyində deputatlar niyə maraqlı olsun? Haqlısınız! Mən demədim ki, bizim şanlı millət vəkillərimiz həmin günlərdə hesabat üçün maraqlıdırlar. Yox əşi, sadəcə, həmin günlər deputatların nazirləri görmək, onlara söz demək, xahiş etmək, nələrisə yada salmaq günləridir. Əks halda bu görüş heç də asan başa gəlmir. Özləri belə deyir. Bəli, deputatlarımız dəfələrlə nazirlərin onları qəbul etməməsindən, görüşməməsindən şikayətləniblər. Özü də elə formada şikayət edirlər ki, adamın lap yazığı gəlir.

Parlamentə nazirlər gələn günlərdə parlament atmosferində xeyli həyəcanlanmalar, “radiomaqnit qasırğaları” baş verir. Bu hallara ən bariz nümunə 2007-ci ildə hökumətin hesabatı günlərində yaşanan Hüseyn Abdullayev-Fəzail Ağamalı davasıdır. Hansı ki, birincinin ikinciyə yüngül toxunması birincinin əvvəl “parlament orbitindən”, daha sonra isə ölkədən çıxmasına, ən sonda isə əlləri qandallı geri dönməsinə səbəb oldu. Bax bu qədər maraqlıdır bizim parlament öz “həssas günləri”ndə.

Gələk xalq üçün maraqlı olan günlərə – yəni büdcə müzakirələrinə.

Bu o günlərdir ki, ölkənin gələn il üçün gəliri, çıxarı, nəyə nə qədər xərclənəcəyi müzakirə olunur. Harada xeyir etdiyimiz, harada ziyana getdiyimiz, nələrin bizə zərər verdiyi bilinir.

Yenə həmin günlərdəyik.

Parlamentdə büdcə müzakirələri gedir. Başımız futbol üzrə dünya çempionatına qarışsa da, parlamentdəki müzakirələr də diqqət mərkəzindədir. Düzdür, sadə xalq bütün məsələlərdəki kimi, bu məsələdə də əsas olaraq ölçüyə diqqət edir. Büdcənin “yekəliyi” və əzəli düşmənlərimiz ermənilərin büdcəsindən çox olması, əsas baxılan məsələ bu ikisidir. Bunlar qaydasındadırsa, kütlə üçün qalanı çox da vacib deyil. Amma büdcə xərcləri ilə dərindən maraqlanan adamlar da az deyil. Xərcləmələr nə qədər ağır dildə, iqtisadi terminlərlə yazılsa da, bəzi iqtisadçılarımız sağ olsunlar, bunları sadə dillə izah edib bizləri məlumatlandırır. Bu məlumatlar bizə nəyisə dəyişmək imkanı verirmi, əlbəttə ki, yox. Çünki büdcəni biz yox, “seçilənlər” müzakirə edir. Onlar da balaca söhbətlərə çox müdaxilə etməzlər. Bir baxıma büdcə müzakirəsi elə futbol çempionatı kimi bir şeydir. Nəticə bizdən asılı deyil, bizim işimiz seyr edib arada müzakirə etməkdir.

İndi isə bu ilin ilk maraqlı məlumatını verək.

Gözünüz aydın olsun, Qusarın dağları qoynunda tikilən, bizimkilərin səhər tülküdurmazdan yola düşüb, çatan kimi günəş gözlüyünü taxıb, xizək geyib şəkil çəkdirib, tələm-tələsik sosial şəbəkələrə qoyub geri qayıtdığı, o məşhur Şahdağ Turizm Mərkəzinə gələn il 12,1 milyon, yəni on iki milyon yüz min manat xərcimiz çıxacaq. Bəli, o içərisinə girdikdə qiymətlərin bahalığından yerli camaatın qalmağa gücü çatmayıb, əsasən ərəb turistlərin məskən saldığı, özümüzü ərəb ölkəsində hiss etdiyimiz obyekt. Bax, bu obyektə işıq pulu, qaz pulu və sair xərclər bizim dövlət büdcəmizdən veriləcək. Daha doğrusu istifadəyə verildiyi 2017-ci ildən hər il verilirmiş. Düzdür, büdcədə işıq, qaz pulu yazılmayıb, mədəni formada qeyd edilib ki, “Şahdağ Turizm Mərkəzinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon (on iki milyon yüz min) manat ayrılacaq”. Oxumuş adamdırlar da, nə deməli idilər ki? Ayrıca, buradakı “örtülmə” sözü sanki xüsusi seçilib, ləzzət edir adama. Parlament belə “örtülmə” işlərində xüsusi peşəkar deyilmi? Nə ayıblar örtülür, nə söhbətlər bağlanır bizim şanlı məclisdə.

Amma yenə də adam bir anlıq suala qərq olur. Görəsən, doğrudan deputatlar fərqindədirmi söhbət nədən gedir? Bəlkə üzdən baxıb keçirlər, bir az dərinə gedək, soruşaq? Sualı təqribən belə qoymaq olar:

– Əziz və hörmətli deputatlarımız, maşallah çoxunuz yaşlı-başlı adamlarsınız, övlad, nəvə, hətta bəziləriniz nəticə sahibisiniz, bunda sözümüz yox, Allah saxlasın. O cümlədən halal qazancınızdan, maaşdan, məzuniyyət pulundan və sair arxaya atıb orada-burada bir iki sot torpaq da almamış deyilsiniz, bunda da gözümüz yox, halal sahibinə qismət. Bir-iki xırda-xuruş biznesiniz, obyektiniz də olmamış deyil, bu barədə də fikir bildirmək bizə düşməz, Vergilər Nazirliyi bilər, Siz bilərsiz. Amma bu dediklərimizi nəzərə alsaq, verəcəyimiz sualın düzgün cavabını məhz siz verə bilərsiniz. Övladınız gəlib filan rayondakı torpağınızda restoran tikmək ideyası olduğunu desə, bunun üçün sizdən xeyli pul alıb o restoranı inşa etsə, tam hazır olan restoranda şıdırğı alver getdiyi vaxt Siz də baxıb fərəhlənmək istəyərkən, gəlib obyektin işıq, qaz pulu, su pulu, zibil qabı, zibil torbasının alınması, zibilin daşınması və sairə işlər üçün sizdən pul istəsə, Siz, “Bu nə zibildi biz düşmüşük”, -deyib haray salmazsınızmı? O obyekti dərhal arvad qohumlarından sakit, mağmın, öz halında bir adamın adına rəsmiləşdirib, o uşağı “atadan məhrum” edib, ölkədən qovmazsınızmı? “Doğma övladım belə edirsə, gör indi o biri obyektlərimi işlədənlər nə hoqqalardan çıxır”, – deyib, bütün obyektlərinizdə audit-yoxlama başlatmazsınızmı? Hər bir qəpiyinizin hesab-kitabını etməzsinizmi? Hər-halda, zülümnən qazanmısız, əziyyətlə milyon sahibi olmusuz, səhv edərsiniz demirik. Eləcə soruşuruq, etməzsinizmi?

Bəs bu xalqın hər il 12 milyonunu niyə götürüb verirsiniz gənclərin qarda selfi çəkdirmə mərkəzinə? Niyə bu qədər zərərə göz yumursunuz? 2023-cü ili də nəzərə alsaq, dedik axı büdcə yazısına pozu yoxdur, 90 milyon manat gedib “ərköyün” bir layihənin saxlanmasına. Bəli, məhz saxlanmasına. Sözün bütün mənalarında.

Bilirəm, qımışırsınız ki, bu çox balaca rəqəmdir, xırda zərərdir, şişirtməyə dəyməz. Amma bu yüzlərlə belə xərcdən biridir.

Niyə bu xalqın büdcəsinə doluşan zərərvericilərə qarşı “dərmanlama işləri” görülmür? Bu zərərverici dediyimiz çox ağzın həşəratdı, bilirsiz. Nə dayanmağı, nə doymağı var. Xalqın malına qarşı belə etinasız olmaq yaxşı deyil, sonra Allah göstərməsin, bir də görəcəksiz büdcə qurtarıb, “həşəratlar” keçib Sizin biznesi, obyekti, qısacası “Sizi yeməyə”.

www.yenicag.az

433
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv