Büdcənin icrasına dair 5 təklif irəli sürüldü
Büdcənin icrası iqtisadi sabitliyin qorunması, makroiqtisadi tarazlığın saxlanılması və bir sıra strateji hədəflərə nail olunması baxımından qənaətbəxşdir.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, Prezident Prezident İlham Əliyevin apardığı ardıcıl iqtisadi siyasətin nəticəsi olaraq 2024-cü ildə qeyri-neft sektorunda artım müşahidə olunub, inflyasiya nəzarətdə saxlanıb, valyuta ehtiyatlarımızda artım qeydə alınıb. Bu, həm sosial sabitliyin qorunmasına, həm də biznes mühitinin inkişafına şərait yaradıb: “Lakin hesab edirəm ki, büdcənin icrası zamanı bəzi məqamlar diqqətdə saxlanmalı və gələcək illər üçün müvafiq təkliflər irəli sürülməlidir. Birincisi, iqtisadi artım daha çox qeyri-neft sektoru hesabına təmin olunmalıdır. Neft gəlirlərinin azalması fonunda, alternativ sahələrin – xüsusilə kənd təsərrüfatı, emal sənayesi, turizm və informasiya texnologiyalarının dəstəklənməsi vacibdir.
İkincisi, regionların, o cümlədən təmsil etdiyim Gəncə şəhərinin və ətraf rayonların sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır. Gəncə Azərbaycanın ikinci ən böyük sənaye mərkəzidir. 2024-cü ildə şəhərdə bir sıra infrastruktur layihələri həyata keçirilsə də, sənaye potensialından tam istifadə olunması üçün əlavə investisiyalara, xüsusilə özəl sektorun cəlbinə ehtiyac var.
Üçüncüsü, sahibkarlığın inkişafı üçün dövlətin yaratdığı hüquqi və maliyyə mexanizmlərinin icrasında daha çevik və şəffaf idarəetmə mexanizmləri tətbiq olunmalıdır. Sahibkarlara verilən güzəştli kreditlərin bölgələr üzrə bərabər paylanması, gənc və qadın sahibkarların təşviq olunması önəmlidir.
Dördüncüsü, sosial xərclər büdcənin mühüm bir hissəsini təşkil etsə də, bu xərclərin icrası zamanı ünvanlılığın və effektivliyin artırılması vacibdir. Eyni zamanda, sosial müdafiə sahəsində rəqəmsallaşmanın sürətləndirilməsi israfçılığın qarşısını alacaq.
Beşincisi, şəffaflıq və ictimai maliyyə nəzarəti sahəsində aparılan islahatlar davam etdirilməlidir”./apa