Cari ilin iqtisadi yekunları iqtisadçıların gözü ilə…

media-hightechnic-468x90

dock(1)Vüqar Bayramov: “Ən ciddi problem özünü bank sektorunda göstərdi”

Natiq Cəfərli: “2014-cü ildə iqtisadiyyatda 2013-cü ilə nisbətən ciddi dəyişikliklər də baş vermədi”

2014-cü ildə də başa çatır. Bu il iqtisadi sahədə bəzi uğurlar da oldu. Amma hələ də müəyyən çatışmamazlıqlar da var. Xüsusən də rəqabət mühitinin aşağı olması, inhisarçılıq kimi meyllər hələ də ölkə iqtisadiyyatında özünə yer tapmaqda davam edir.

Görəsən, ekspertlər cari ilin iqtisadi yekunlarını hansı aspektdə görürlər?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, bu il sözügedən sahədə müsbət irəliləyişlər problemlərlə müqayisədə daha çox oldu: “2014-cü il Azərbaycan iqtisadiyyatı üçün daha çox neftin dünya bazarında qiymətinin aşağı düşməsilə yadda qaldı. Azərbaycan neft ölkəsi olduğundan bu istiqamətdə dünya bazarında baş verənlər ölkəmiz üçün çox əhəmiyyətlidir. Amma 2014-cü ilin maliyyə ili kimi, eyni zamanda bütövlükdə makro-iqtisadi göstəricilərdə baş verən dəyişikliklər aspektindən qiymətləndirsək, təbii ki, bu Azərbaycan iqtisadiyyatı üçün uğurlu il kimi xarakterizə edilə bilər. Neftin bazar qiymətinin aşağı düşməsinə baxmayaraq, 2014-cü ilin büdcəsinin formalaşmasında çətinliklərin olmadığını nəzərə alsaq, əksinə ilin 11 ayında Azərbaycan neftinin dünya bazarında satış qiyməti 103,8 dollar oldu ki, bu da büdcədə nəzərdə tutulan qiymətdən təxminən 4 faizə yaxın artıqdır. Maliyyə Nazirliyinin büdcənin icrası ilə bağlı son məlumatlarına əsasən büdcə gəlirləri proqnozlaşdırıldığından təxminən 2 faiz artıq profisidlə icra edilib. Eyni zamanda gəlirlə xərclər arasında fərq gəlirlərin xeyrinədir. 2014-cü ilin büdcə icrası ilə bağlı hər hansı problem müşahidə edilmədi. Rusiyada böhran davam etməkdədir və bu böhran qonşu ölkələrə də öz təsirini göstərməkdədir. Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı 2014-cü ildə artım tempini qoruyub saxlaya bilib. İlin yekununda ümumi daxili məhsulun 2,5 faiz artacağı proqnozlaşdırılır. Qeyri-neft sektorunda isə artımın 8 faizə qədər olacağı gözlənilir. Bu da 2010-cu ildən sonra qeyri-neft sektorunun artım tempinin qorunub saxlanıldığından xəbər verir. Makroiqtisadi göstəricilərin təhlili birmənalı şəkildə göstərir ki, 2014-cü il əhəmiyyətli il oldu. Bu il qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56 faizdən 62 faizə, büdcə gəlirlərində isə 25 faizdən 34 faizə qədər yüksəldi. Bu da qeyri neft sektorunun həm dövlət gəlirlərinin formalaçmasında, həm də ümumi daxili məhsulda payının artmasından xəbər verir. Belədə görürük ki, iqtisadiyyatın şaxələnməsi baxımından da bu il uğurlu il kimi dəyərləndirilə bilər. Bu kimi müsbət dəyişikliklərlə yanaşı, bir sıra çatışmamazlıq və problemlər də müşahidə olundu. Ən ciddi problem özünü bank sektorunda göstərdi. 2014-cü ilin dekabr ayında ölkə prezidentinin fərmanı ilə 2015-ci ilin dövlət büdcəsi təsdiq edilən zaman bankların kredit faizlərinin azaldılması ilə bağlı müddəanın ora daxil edilməsi, eyni zamanda prezidentinin Mərkəzi Bankın hər 6 aydan bir ölkə rəhbərinə məlumat verməsini tapşırması onu göstərir ki, cari il bank sektoru üçün heç də uğurlu olmadı. Mərkəzi Bankın məcmu kapıtalı artırmaqla bağlı qəraqından sonra 5 bankın artıq müflis olması qeydə alındı. Bu isə o deməkdir ki, bank sektorundakı bankların təxminən 12 faizi müflis oldu. Problemli kreditlərin həcmilə bağlı da çətinliklər qalmaqdadır. Bu il problemli kreditlərin həcmi daha da artdı”.

Ekspert Natiq Cəfərli bildirdi ki, ölkənin iqtisadiyyatında cari ildə ciddi dəyişikliklər baş vermədi: “Bir neçə ciddi iqtisadi hadisələr oldu ki, bunu da Azərbaycanın 2014-cü ildə iqtisadi-sosial sahədə yadda qalan hadisələr kimi qeyd etmək olar. “Şahdəniz-2” qaz yatağı ilə bağlı müqavilə bağlanıldı. Bu da gələcəkdə Azərbaycanın iqtisadi-sosial həyatında ciddi rol oynamağa qadir layihələrdəndir. TANAP və TAP layihələrilə bağlı ilkin razılaşmaların olması və bu işə başlanılması da ciddi məsələdir. Bu da gələcəkdə ölkəyə gələn gəlirləri artıracaq. Nəticədə sosial xərclər də artacaq. Amma digər tərəfdən, 2014-cü ildə 2013-cü ilə nisbətən ciddi dəyişikliklər də baş vermədi. Büdcədə nəzərdə tutulan bütün parametrlər yerinə yetirildi. İnsanlar əlbəttə ki, əmək haqqı və təqaüdlərin artırılmasında maraqlıdır. Amma görünən odur ki, bu il baş verən artımlar gələn ildə olmaya da bilər. Lakin büdcədə nəzərdə tutulan sosial layihələrin həyata keçirilməsində problem olacağını düşünmürəm”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600