“Bəllidir ki, dünyada beynəlxalq siyasət enerji resurslarının, ticarət yollarının və nəqliyyat-kommunikasiya xətlərinin ələ keçirilməsi uğrunda mübarizə gedir. Cənubi Qafqaz da bunlara görə hər zaman qlobal güclərin diqqət mərkəzində olub. Bu gün Ermənistanda baş verənlər də bu istiqamətdə qiymətləndirilməlidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Yalçın Hacızadə deyib.
O, Ermənistanla Rusiya arasında gərginləşən münasibətlərin sülh müqaviləsinə təsiretmə mexanizmlərindən söz açıb.
“Təəssüflər olsun ki, rəsmi İrəvanın siyasəti Cənubi Qafqazda dərin bir münaqişənin yaranmasına istiqamətlənib və bu da Azərbaycanın narahat edir. Çünki bizim təhlükəsizlik siyasətimiz təkcə öz ölkəmizlə kifayətlənmir, bütün Cənubi Qafqazı və regionu əhatə edir. Əgər Ermənistanın məqsədi Qərbə istiqamətlənmək olsaydı, buna hətta dəstək verərdik. Bizim də marağımızdadır ki, Ermənistan Rusiyanın təsirindən çıxa bilsin, lakin Ermənistan Rusiyanın təsirindən çıxmaqla Qərbə istiqamətlənmir, əksinə, Qərbi regiona gətirir və özünü indi də Qərbin forpostuna çevirir. Digər qonşumuz Gürcüstan zamanında Qərbyönümlü siyasət apardığına görə Rusiyanın iqtisadi-siyasi təsirinə və sanksiyalarına məruz qalanda biz Gürcüstana dəstək verirdik”, – deyə Y. Hacızadə söyləyib.
Onun sözlərinə görə, bu gün qərb Ermənistanı Azərbaycana qarşı silahlandırır:
“Çünki onlar Ermənistanla Azərbaycan arasında həqiqi sülhün yaranmasında maraqlı deyil. Ermənistan bir layihə dövləti olaraq yaradılıb ki, regionda daima münaqişələrin olması siyasəti aparıla bilinsin. Ermənistanın silahlanması da real sülhün əldə olunmasına olan ümidləri azaldır. Hazırda dünyanın bir neçə yerində silahlı münaqişələr, müharibələr aparılır. Bu münaqişələrin də arxasında Ermənistana silah verən ölkələr dayanır. Ona görə də onların sülhdən danışması inandırıcı deyil”.
Politoloq diqqətə çatdırıb ki, dövlətin müstəqil olması üçün onun siyasi-iqtisadi və hərbi təhlükəsizliyi təmin olunmalıdır:
“Bu gün Ermənistan siyasi və hərbi istiqamətlər üzrə Rusiyanın asılılığından çıxmağa çalışsa da, iqtisadi baxımdan Rusiyadan asılı vəziyyətdədir. Ölkənin enerji təminatı tam olaraq Rusiyanın əlindədir, xarici ticarətin 60%-ı Rusiya ilədir, hətta bu ticarətin sürətlə artırılması davam edir və hər iki ölkə arasında bu istiqamətdə layihələr hazırlanır. Ona görə Ermənistanın yaxın vaxtlarda Rusiyanın təsirindən tam çıxacağı görünmür.
Azərbaycan olaraq bizim siyasətimiz regionun verdiyi üstünlüklərdən və coğrafi mövqeyindən region ölkələrinin tam bərabər hüquqlu birgə iştirakı ilə faydalanmaqdır. Biz region məsələlərini region ölkələri ilə müzakirəsində maraqlıyıq. Buna görə “3+3” formatı təklif olunub, lakin Ermənistan yenə havadarlarının siyasətinə, məqsədinə uyğun hərəkət edərək sülhdən yayınır”.
Rafi Müslümov
www.yenicag.az