Çexiya polisi Kadırovun atının qaçırılması işi ilə bağlı kömək istəyib.
Yenicag.az Rusiya mediasına istinadla xəbər verir ki, Çexiya polisi Çeçenistan rəhbəri Ramzan Kadırovun atının qaçırılması ilə bağlı aparılan istintaq çərçivəsində digər ölkələrə sorğu göndərib. Bundan əlavə, heyvanın DNT profilini müəyyən etmək üçün genetik testlər aparılır.
Əvvəllər xəbər verdiyimiz kimi, ötən ilin martın 7-də məlum olub ki, Çexiyada polis bir neçə gün əvvəl Krabçiçe kəndindəki tövlədən oğurlanmış təxminən 18 min dollar dəyərində ayğır Zazunun oğurlanması ilə bağlı araşdırmaya başlayıb.
“Oğurlanmış at Çeçenistan rəhbəri Ramzan Kadırovun sanksiya edilmiş əmlakı siyahısına daxil edilib”, – ölkənin Maliyyə Nazirliyi bildirib.
Martın 8-də Ramzan Kadırov Çexiyada oğurlanan Zazunun dəyərinin Çexiya polisinin bildirdiyi kimi 18 min dollar deyil, 10 milyon dollar olduğunu bildirib.
Mayın 15-də o, Zazunun Ukrayna xüsusi xidmət orqanlarının köməyi ilə 18 min dollar müqabilində fidyə alındığını bildirib. Mayın 17-də isə axşam saatlarında ayğırla video yayımlayıb və ata görə ukraynalılara pul vermədiyi ilə öyünüb.
Onun sözlərinə görə, “Ukrayna xüsusi xidmət orqanlarının nümayəndələri” atı Kadırovun adamlarına təhvil verərkən “öz aralarında həll etdikləri” üçün vəd edilmiş 18 min dollar qonorarsız qalıblar və “sadəcə, pulu vermədən atı alıblar”. Kadırov ayğırın qaytarılması şərtləri ilə bağlı ifadələrinin təsdiqini açıqlamayıb.
Lakin yanvarın 8-də medianın yazdığına görə, Çexiya polisi Ramzan Kadırovun atının qaçırılması ilə bağlı istintaq çərçivəsində sorğu ilə başqa ölkələrə müraciət edib.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, at oğurluğu ilə bağlı araşdırma beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində aparılır. Polis müraciətlərə bir neçə ay ərzində cavab gözləyir. Bundan əlavə, heyvanın DNT profilini müəyyən etmək üçün genetik ekspertiza aparılır.
Xatırladaq ki, Ramzan Kadırovun atları gəlir mənbələrindən biridir.
2014-cü ilin oktyabrında Almaniyadakı at yarışlarının təşkilatçıları Ramzan Kadırova məxsus Zazu və Bıstrıy Finiş atlarının qələbəsi üçün mükafat ödənişlərini dondurublar. Çünki həmin ilin yayında o, Aİ-nin sanksiyalar siyahısına daxil edilib.
Kadırovun atları Çexiyanın Krabcice kəndində saxlanılırdı və sanksiyalar onun üç yarış atı və iki damazlıq ayğırını illərlə orada saxlamağa məcbur edib.
Çeçenistan isə federal yardımın həcminə görə liderlər sırasındadır və Kadırov açıq şəkildə bahalı hobbisinə pul xərcləyir.
Eyni zamanda, federal subsidiyalar Çeçenistan üçün yeganə maliyyə mənbəyi deyil.
Bunu da qeyd edək ki, “Allahdan gələn pulu” necə xərclədiklərinə görə, respublikanın bütün dövlət məmurları, işçiləri hər ay gəlirlərinin təxminən 10%-ni Kadırov Fonduna xeyriyyə məqsədi ilə köçürməyə borcludurlar.
Xuraman Etibarlı
www.yenicag.az