İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Azərbaycan və Çin liderləri arasında strateji tərəfdaşlıq haqqında anlaşma memorandumu imzalandı.
Buna qədər 2015-2019-cu illərdə qəbul edilən birgə bəyannamələrə uyğun maddələr olsa da, burada ilk dəfə olaraq yeni bəndlər var. Azərbaycan buna qədər bütün bəyannamələrdə olduğu kimi, vahid Çinə dəstəyini ifadə etdi. Eyni zamanda, ilk dəfə olaraq Azərbaycanın BRİKS-ə (BRİCS) üzvlük istəyi bəyannamədə öz əksini tapdı.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının “Çin Azərbaycanın strateji tərəfdaşı kimi” adlı məqaləsində qeyd olunub.
Kanal yazır ki, Azərbaycanın Çinlə strateji tərəfdaşlıq haqqında anlaşması Qərbdən imtina demək deyil, lakin Şərqlə yaxınlaşma artsa da, bu Azərbaycanın Şərqi strateji seçim olaraq elan etməsi demək deyil.
“Azərbaycan bu anlaşmaya ABŞ Dövlət katibinin müavini Ceyms O’Brayenin son səfərindən sonra imza atdı. Son səfərdə Rəsmi Vaşinqton Bakı və İrəvanı sülh anlaşması imzalamağa və Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına çağırış etdi”, – deyə məqalədə bildirilib.
“Ceyms O’Brayen son səfərində orta dəhlizin yük daşıma qabiliyyətinin artırılması istiqamətində Azərbaycanın rolunu xüsusi qeyd etdi və Bakını Gürcüstan və Ermənistan istiqamətində regional əməkdaşlığı gücləndirməyə çağırdı”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Azərbaycan regional inteqrasiyadan imtina etmir:
“Orta dəhlizdə Çindən Qərbə gedən yüklərin Azərbaycan ərazisindən daşınması və Bakı-Tbilisi-Qars marşrutunun “Transxəzər beynəlxalq nəqliyyat dəhlizi” ilə birləşdirilməsi, eyni zamanda, Zəngəzur dəhlizi lahiyələri Çin və Qərbin ortaq marağındadır”.
“Türkiyə Ermənistanla münasibətlərində müstəqil davransa belə, Qərblə ortaq maraqlar var. Xüsusilə Qərb maraqlıdır ki, Zəngəzur dəhlizi Ermənistanın yurisdiksiyasında qalsın, lakin nəqliyyat kommunikasiya əlaqələri açılsın, eyni zamanda Türkiyə biznesi Ermənistana daxil olsun. Azərbaycanın mediada yayılan iddialara əsasən, Ermənistana Kalininqrad modelli həll təklif etməsi onu göstərir ki, Bakı anlaşmağa maraqlıdır”, – vurğulanıb.
Kanalın məlumatına görə, Azərbaycanın hazırda əsas strategiyası Mərkəzi Asiya ilə Qərbi, Ermənistanla AİB-i, Rusiya ilə qlobal cənubu birləşdirmək və tranzit xab olmaqdır:
“Çinlə strateji tərəfdaşlıq haqqında anlaşma bir tərəfdən Çinin artan qlobal güc statusuna uyğunlaşdırmaq və Şərqlə münasibətləri strateji səviyyəyə qaldırmaqdır. Eyni zamanda Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə gələcəkdə kvazi qütb qismində çıxış etməyə iddialıdır”.
Kanal analitikləri əmindir ki, Azərbaycan dəyişən və dinamik beynəlxalq münasibətlərdə bir tərəfdən Şərq və qlobal cənubun yüksəlişini görür və bunu görməzdən gələ bilməz:
“Digər tərəfdən isə Azərbaycan anlayır ki, Qərb əvvəlki mütləq dominantlığını itirsə belə, hələ də əsas güc mərkəzi və qütbdür. Azərbaycanın iqtisadi strukturu tamamilə Qərbə bağlıdır və Azərbaycan öz siyasətində bu amili nəzərə alır. Buna baxmayaraq, manevr imkanlarını artırmaq Çinin yüksəlişinə uyğunlaşmaq vacibdir. Şübhəsiz ki, Çinlə anlaşmada digər önəmli məqam iqtisadi problemlərdir”.
Qeyd olunur ki, Çinlə yaxınlaşmağın bir digər məqsədi sərmayə cəlb etmək ola bilər:
“Azərbaycan son zamanlar Aİ-dən sərmayə cəlb etməkdə çətinlik çəkir. Lakin burada önəmli məqam odur ki, Çin dünyanın əsas kreditoru olsa belə, Çindən borc alan ölkələr də sonradan ondan qurtulmaqda çətinlik çəkirlər. Azərbaycanın hələlik dollar əməliyyatlarında heç bir problemi yoxdur.
Çinlə yaxınlaşmada bir digər məqam isə siyasi faktorlardır. Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvü, dünyanın ən böyük ikinci bazarı, əsas üç hərbi gücündən biridir. Çin yüksələn gücdür və Bakı bu faktları xüsusi olaraq dəyərləndirir”.
“Azərbaycan və İran arasında gərgin münasibətlər zamanı Azərbaycan indiyə qədər İranı məhz Rusiya ilə balanslaşdırırdı. Lakin Moskva və Tehran arasında Ukrayna müharibəsindən başlayan yaxınlaşma Bakını bu istiqamətdə yeni manevrlərə məcbur edir”.
Azərbaycan və Çin arasında münasibətlər hər zaman normal olub. Buna baxmayaraq, Azərbaycan Qərbdən imtina edən deyil, Qərb də Azərbaycandan imtina etməyəcək. Azərbaycanın strateji məqsədi həm Qərb, həm də Şərqlə strateji münasibətlər səviyyəsini qorumaq və hər iki qütb üçün bərabər şəkildə önəmli qalmaqdır.
Yaxın gələcəkdə Ermənistan və Türkiyə arasında sərhədlərin açılması ehtimalı, orta dəhlizin daha fəal fəaliyyətə keçməsindən sonra Azərbaycan Qərb və Çin arasında ticarətdə əsas tranzitə çevrilə bilər”, – bildirilib.
“Lakin Azərbaycan və Orta Asiya ölkələri, digər ölkələrdən fərqli olaraq Rusiya ilə birbaşa sərhədə malikdirlər və Moskva ilə ehtiyatlı davranmağa və onu balanslaşdırmağa məcburdurlar.
Xüsusilə Ukrayna müharibəsinin dalana dirənməsi, Trampın mümkün qayıdışı bu istiqamətdə ehtiyatlı olmağa vadar edir. Azərbaycan Şərqlə yaxınlaşsa da, Qərblə “hər şey biznes naminə” prinsipi ilə münasibətləri qorumağa və ticarəti davam etdirməyə çalışacaq”, – məlumatda qeyd olunub.
Rafi Müslümov
www.yenicag.az