Gürcüstanda ölkəyə dövlət çevrilişi üçün gətirilmiş silah-sursat aşkarlandı
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat məlumatı əsasında həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində xeyli sayda odlu silah, döyüş sursatı və detonatorlu partlayıcı maddələr aşkar edilib.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, iş materiallarına görə, Ukraynada fəaliyyət göstərən və çoxsaylı sübutlarla təsdiqlənən hərbi hissələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan vətəndaşı B.Ç. çoxlu sayda odlu silah, sursat və partlayıcı maddələr alıb. Oktyabrın 4-də mütəşəkkil dəstə zorakı yolla Tbilisidə Prezident Sarayını ələ keçirməli, eyni zamanda paralel olaraq, sözügedən sursatlardan istifadə edilməklə təxribatlar həyata keçirilməli idi.
DTX əməkdaşlarının həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsində, sözügedən döyüş sursatı və partlayıcı maddələri Tbilisinin mərkəzinə çatdırmalı olan dəstənin bəzi üzvləri zərərsizləşdirilib.
Xüsusi anbarda tapılan odlu silah, döyüş sursatı və partlayıcı maddələr Tbilisi yaxınlığındakı meşədə gizlədilibmiş.
B.Ç.-nin əmri ilə detonatoru işə sala biləcək pult düzəldən şəxs də müəyyən edilərək DTX-yə gətirilib və onunla bağlı istintaq hərəkətləri aparılır.
B.Ç. barəsində axtarış elan ediləcək. Bu gün səhər saatlarında onun mənzilində axtarış aparılıb, oradan Gürcüstanda olarkən istifadə etdiyi telefonu götürülüb. Telefonun yoxlanılması nəticəsində əsas sübutlardan biri – bir neçə videoçəkiliş götürülüb, burada B.Ç. hələ istintaq tərəfindən müəyyən edilməmiş şəxsə aldığı silah və sursatları göstərir və məsələ ilə bağlı bir növ hesabat verir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törətmiş digər şəxslərin müəyyən edilməsi/tutulması istiqamətində intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir./Azertag/