Çin İranda neft müqabilində infrastruktur obyektləri inşa edir
Çin İrana neft tədarükü müqabilində infrastruktur obyektləri tikir.
Yenicag.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti Qərb rəsmilərinə istinadla məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran və Pekin arasında əhəmiyyətli barter mexanizmi formalaşıb.
Mənbələrin məlumatına əsasən, İran neftinin tədarükündə Çinin “Sinosure” sığorta şirkəti və “Chuxin” maliyyə təşkilatı birbaşa iştirak edir. Bu əməliyyatlar beynəlxalq bank sistemindən kənarda aparılır və əldə olunan vəsaitin böyük hissəsi İranda infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilir.
Ötən il İran neftindən əldə edilən vəsaitin təxminən 8.4 milyard dolları Çinin bu ölkədə həyata keçirdiyi iri infrastruktur layihələrinə sərf olunub.
Məlumata görə, Çin bu əsrin əvvəlindən İranda infrastrukturun inkişafına ümumilikdə 25 milyard dollara yaxın vəsait yatırmağı öhdəsinə götürüb. 2021-ci ildən etibarən isə bu sahədə əməkdaşlığın miqyası daha da genişlənib.
Bundan əlavə, İran neft satışından əldə etdiyi gəlirlərin bir hissəsini Çin istehsalı olan malların birbaşa idxalına sərf edir.