Çində qorxunc sel: "Qırmızı alarm" verildi, ölənlər və itkin düşənlər var
Çinin orta və şərq bölgələrində müşahidə olunan şiddətli yağışlar ciddi fəsadlara yol açıb. Sel təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edilib.
Yenicag.az xəbər verir ki, “Xinhua” agentliyi Çin Su Ehtiyatları Nazirliyi və Çin Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin daxili hissələrindəki Anhui əyalətinin qərbi və Hubey əyalətinin şərqindəki yaşayış məntəqələri üçün ən yüksək təhlükə səviyyəsi olan “qırmızı alarm” elan olunub. Rəsmilər bazar günü saat 20:00-dan bazar ertəsi 20:00-dək olan müddətdə dağ sularının səbəb ola biləcəyi ani sel basqınlarına qarşı xəbərdarlıq edib.

Eyni zamanda, Cıciang, Anhui, Ciangşi və Hubey əyalətlərinin bəzi hissələri üçün “narıncı alarm” tətbiq edilib. Yerli hakimiyyət orqanlarına real vaxt rejimində monitorinq aparmaq və əhalinin təhlükəsiz bölgələrə köçürülməsi (təxliyə) ilə bağlı ciddi tapşırıqlar verilib.
Hınanın cənubu, Anhui, Hunan, Ciangşi və Çonçingin müxtəlif bölgələrində intensiv yağışların bu gecəyədək davam edəcəyi gözlənilir. Anhui və Hubeyin bəzi ərazilərində isə şiddətli fırtınalar proqnozlaşdırılır.
Ölkənin cənub-qərbindəki Çonçinq şəhərində həftəsonu baş verən daşqınlar ağır itkilərlə müşayiət olunub. Yerli hakimiyyət orqanlarının yaydığı məlumata görə, təbii fəlakət nəticəsində 3 nəfər həyatını itirib, 19 nəfər isə itkin düşüb.

Sel bölgəsindən ümumilikdə 1805 nəfər təxliyə edilib. Yongçuan rayonunda 3 nəfərin ölümü təsdiqlənib, 17 nəfərdən isə hələ də xəbər yoxdur. Bundan əlavə, Beybey rayonunda 2 nəfərin itkin düşdüyü bildirilir.
Ayşən













