Cüdoçularımız Qran-pridə 2 qızıl, 1 bürünc medal qazandılar
Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirində 2 qızıl, 1 bürünc medal qazanıblar.
Yenicag.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu üstələyib.
Eyni uğura Vüsal Qələndərzadə (81 kq) də imza atıb. O, turnirin həlledici görüşündə Eetu İhanamakiyə (Finlandiya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rəşid Məmmədəliyev (73) isə üçüncü yer uğrunda görüşdə kanadalı Castin Lemirzeni məğlub edərək bürünc medalla kifayətlənib.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olublar. Əhməd Yusifov (60 kq) isə bürünc mükafata sahib çıxıb.