“Qiymətlərdəki artımlar nəinki minimal, yaxud orta əməkhaqqı ilə yaşayan ailələrin əmlak almasına imkan vermir, hətta onların kirayə qalmalarına da əməkhaqqı və yaşam xərcləri bəs etmir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında daşınmaz əmlak bazarında qiymət artımı və daşınmaz əmlaka tələbat artan bölgələr barədə danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, son illərdə nəinki Bakı, ölkənin əksər yerlərində tələbat artan yerdə daşınmaz əmlaklarda çox zaman qiymətlər də artır:
“Bu gün paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərindəki əmlakların satış qiymətləri insanların alıcılıq qabiliyyəti ilə üst-üstə düşmür. Alıcılıq qabiliyyəti ölkədə vətəndaşların aldığı minimal və orta əməkhaqqı ilə ölçülür. Qiymət o formada olmalıdır ki, ən azından orta əməkhaqqı ilə yaşayan ailə bəlli bir ildən sonra əmlak ala bilsin. Lakin qiymətlərdəki artımlar nəinki minimal, yaxud orta əməkhaqqı ilə yaşayan ailələrin əmlak almasına imkan vermir, hətta onların kirayə qalmalarına da əməkhaqqı və yaşam xərcləri bəs etmir. Bölgələrdən gələn insanlar isə ya burada daimi yaşamaq üçün, ya da yatırım etmək üçün ev alırlar. Bölgələrdə də imkanlı şəxslər az deyil. Bu gün Bakının mərkəzi və mərkəzə yaxın ərazilərə baxsaq, demək olar ki, alıcıların böyük hissəsi bölgədən gəlin mülk alan şəxslərdir”.
E.Fərzəliyev qeyd edib ki, artıq Bakı şəhəri fərdi yaşayış evləri üzərindən Sumqayıt şəhərinə birləşib:
“Bakı Biləcəri istiqamətində Xırdalan, Xırdalan Masazırla, Masazır Ceyranbatan və Sumqayıt, bütövlükdə 3 şəhər birlikdə bir böyük şəhərə çevrilib. Bu da tələbatın artması səbəbindəndir. Bölgələrdən də gələn insanlar oraya uyğun ərazi seçir. Şimal zonasından gələnlər daha çox Sumqayıt, digər bölgələrdən gələnlərin çoxu isə Xırdalan, Masazır və Qobu və digər istiqamətlərə üz tutur. Söhbət ev ala bilməyən insanlardan gedir. Hər hansı bir ərazidə massiv yaranırsa, tələbat da artır, nəticədə qiymət artımları da baş verir. Amma son qaydalara baxsaq, 2022-ci ilin oktyabrın 1-dən yeni bir qayda qüvvəyə mindi ki, artıq çıxarışı olmayan torpaq sahələrinin üzərinə tikiləcək fərdi yaşayış evlərində qaz, su, işıq xətləri çəkilməyəcək. Bu özlüyündə çıxarışsız əmlaklara tələbatı azaltdı. Yəni ərazilər də artıq ev tikə bilmirlər. Həmçinin sənədsiz olsa belə tikilən yaşayış evlərinə tələbat artır, çünki həmin yeni qayda kommunikasiya xətləri ilə təmin olmuş əmlaklara aid edilmir. O baxımdan hansı ərazilərə massiv salındı, avtomobil yolu çəkildi, bağça, məktəb tikildisə həmin ərazilərdə qiymət də artdı”.
Mütəxəssis düşünür ki, bu qiymət artımları uzun müddət davam etməyəcək.
“Çünki 2020-ci ilin sonundan başlayaraq azad olunmuş ərazilərimizdə sürətlə tikinti-bərpa işləri gedir. İnsanlar əvvəllər iş üçün bölgələrdən paytaxta üz tuturdular. Artıq işin böyük bir hissəsi həmin azad olunmuş ərazilərimizə gedir. Binaların tikilməsi, yaşayış massivlərinin salınması, sürücülük, texniki işlər, restoran, bir sözlə orada iş imkanı yaradılıb. Artıq həmin ərazilərə tələbatın artması səbəbindən bölgələrdən iş üçün gələn insanlar bunun üçün paytaxta deyil, həmin işğaldan azad olunmuş ərazilərə üz tutacaqlar. Çünki bu işlər həm evlərinə yaxındır, həm də əmək haqqı onları qane edir”, – deyə o qeyd edib.
O əlavə edib ki, həmin ərazilərə məcburi köçkünlər mərhələli şəkildə köçürüldükdə paytaxtda daşınmaz əmlaklara tələbat azalacaq.
“Digər tərəfdən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən satışa çıxarılan mənzillər məcburi köçkünlər üçün tikilmişdi. Həmin evlər çox minimal qiymətə satışa çıxarıldı. Məcburi köçkünlər mərhələli şəkildə geri qayıtdıqca onlara verilmiş evlər şəhid ailələrinə, qazilərə və minimal qiymətə digər şəxslərə satışa çıxarılır. Bu da aztəminatlı insanların problemini qismən aradan qaldırmağa kömək edir və gələcəkdə həmin ərazilərdə infrastruktur tam qurulduqdan sonra paytaxt Bakıya tələbat azalacaq. Çünki, hazırda Şuşa, Xankəndi ərazilərdə çox böyük infarstruktur qurulub və tələbat həddən artıq çox artıb. Bu baxımdan təkcə həmin azad olunmuş ərazilərdə deyil, ora gedən yolların üzərindəki rayonlarda da inkişaf başlayacaq”, – deyə o bildirib.
İsmayıl Bakuvi
www.yenicag.az