Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu partiyanın V qurultayında çıxış edib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, Ə. Davudoğlu çıxışına son aylarda terrora qurban gedən şəhidlərin və 11 sentyabrda Məkkədə ölən türklərin ruhuna Fatihə oxutduraraq başlayıb. Türkiyənin müxtəlif bölgələrindən qurultaya gələn nümayəndələrin və partiya tərəfdarlarının ürəklərinin tək millət, tək bayraq, tək dövlət duyğularıyla çarpdığını deyən Ə. Davudoğlu, bunun ən gözəl duyğu olduğunu vurğulayıb: “Elə bir məkanda yaşayırıq ki, bura rəbbimizin öz sevimli bəndələrinə lütf etdiyi bir məkandır. Belə bir məkanda yaşayanlar ən çətin sınaqlarla ən gözəl zəfərləri eyni anda yaşaya bilirlər. Anadolunun, Mesopotamiyanın, Balkanların, Qafqazların, Orta Asiyanın övladlarıyla birlikdə olmaqdan gözəl nə ola bilər?..”
AKP lideri salondan yüksələn səslərin bütün məzlumların yaşadığı coğrafiyalardan əks-səda verdiyini bildirib. AKP-nin qurulduğu dönəmdə Türkiyənin yaşadığı sıxıntıları xatırladan Ə. Davudoğlu, 2001-ci ildə AKP-nin qurulmasıyla millətə ümid gəldiyini və lideri olduğu partiyanın o ümidi doğrultduğunu söyləyib. O, prezident Rəcəb Tayyip Ərdoğanı, 11-ci prezident Abdulla Gülü, keçmiş Məclis sədrləri Bülənt Arınç, Köksal Toptan, Məhmət Əli Şahin, Cəmil Çiçək və hal-hazırkı sədr İsmət Yılmazı salamlayıb. AKP iqtidarının həmişə xalqın dəstəyi ilə qarşısına çıxan əngəlləri aşdığına dair örnəklər verən Davudoğlu salona səslənib: “Soruşuram: millətin bağrından çıxanları qapatmaq mümkündürmü, millətin dəstəyi ilə iqtidara yürüyənləri dayandırmaq mümkündürmü?” Salondan “Xeyr!” səsləri yüksəlib.
Ə. Davudoğlu indiyə qədərki AKP qurultaylarında qəbul edilmiş qərarların icrası barədə nümayəndələrə ətraflı məlumat verərək “30 sentyabr 2012-ci ildəki qurultayımızda qarşımıza 2023-cü ildə “Böyük Türkiyə”ni yaratma hədəfini qoyduq”, – deyə xalqı 1 noyabrdakı seçkidə AKP-ni yenidən təkbaşına iqtidara gətirməyə çağırıb. 2013-cü ilin iyununda cərəyan etmiş Gəzi hadisələrini və 17-25 dekabr 2013-cü ildəki polis və prokurorluq əməliyyatlarını “şər tələləri” kimi xarakterizə edən AKP lideri, 7 iyundakı seçkidən sonra yaşanan terror hadisələrinə qarşı Anadolunun ayağa qalxdığını vurğulayıb. O, xalqı terrorizmə qarşı birgə mübarizə aparmağa səsləyib: “14 ildə Türkiyədəki bütün yasaqları ləğv etdik. Biz heç kimin həyat və yaşayış tərzinə fərqli münasibət bəsləmədik. AK Parti həmişə milli birliyi təmsil edib. Həm demokratiya deyirik, həm də ictimai sabitlik deyirik. Türkiyə öz içindəki xainlərlə də, kənardakı düşmənlərlə də mübarizə aparmağa qadirdir. Türklərin də, kürdlərin də, ələvilərin də, sünnilərin də dövləti Türkiyə Cümhuriyyəti dövlətidir”.
Ə. Davudoğlu, bundan sonrakı dönəmdə də Türkiyədə demokratiyanın dərinləşməsi üçün heç nədən çəkinməyəcəkləri və dünyadakı iqtisadi böhranların bundan sonra Türkiyəyə təsir göstərməyəcəyini bəyan edib. Baş nazir Türkiyənin öz hərbi sənayesini gücləndirmək üçün yolundan dönməyəcəyini deyib. Türkiyənin inkişafa davam edə bilməsi üçün AKP-nin təkpartiyalı iqtidarının çox zəruri olduğunu diqqətə çatdıran Ə. Davudoğlu, 7 iyundakı seçkidən sonra koalisiyaya girməyən siyasi partiyaları tənqid edib: “Üç aydan bəri məsuliyyətdən qaçanlar indi bizimlə haqq-hesab çəkməyə çalışırlar. Onlar bizə hücum etsinlər, lakin bilməlidirlər ki, Türkiyədə həmişə millətin dediyi olacaq. MHP-dən olan qardaşlarıma müraciət edirəm: kimin terrora qarşı mübarizə apardığını görürsünüz. Ak Partidən olan qardaşlarıma müraciət edirəm: 1 noyabra hazırsınızmı? Biz ölkədə heç vaxt hakimiyyət boşluğu yaranmasına imkan verməyəcəyik”.
AKP üzv və tərəfdarlarına müraciət edən Əhməd Davudoğlu, onları xalqa yuxarıdan baxmamağa, xalqdan qopmamağa və xalqın içində olmağa çağırıb. Qurultayda partiyanın Nizamnaməsinə dəyişikliklər ediləcəyini açıqlayan Ə. Davudoğlu təcrübəli üzvlərin partiyaya faydalı olmağa davam etmələri üçün şura yaradacaqlarını bildirib. O, partiya sədrinə insan haqlarına və ətraf mühitə cavabdeh 2 müavin təyin ediləcəyini açıqlayıb. AKP lideri 3 dönəmdən sonra millət vəkili ola bilməyənlərin durumuyla bağlı da Nizamnaməyə dəyişiklik ediləcəyini sözlərinə əlavə edib.
Ə. Davudoğlu “Allah yolumuzu xeyr etsin, 1 noyabrı zəfər günü etsin”, – sözləriylə çıxışını bitirib.
www.yenicag.az