“Dünya neft daşımaları təhlükədə” – Hörmüz boğazında nələr baş verir?
“Əgər Hörmüzdə vəziyyət daha da sərtləşərsə, Aİ daxilində İranla bağlı daha sərt xətt tərəfdarlarının sayı da arta bilər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib.

Politoloq Avropa İttifaqının (Aİ) Hörmüz boğazındakı vəziyyətlə bağlı İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə toxunaraq, bu qərarı “ikili oyun” adlandırıb:
“Avropa İttifaqının İranla bağlı yeni sanksiya qərarı təkcə ABŞ-ın təzyiqi ilə izah olunacaq qədər sadə məsələ deyil. Şübhəsiz ki, Vaşinqtonun İran siyasəti uzun illərdir Avropa paytaxtlarına təsir edir və xüsusilə enerji təhlükəsizliyi, NATO çərçivəsində koordinasiya, eləcə də transatlantik münasibətlər fonunda Aİ çox zaman ABŞ-la paralel xətt götürür. Amma Hörmüz boğazının bağlanması və ya orada gəmilərin hərəkətinə selektiv nəzarət cəhdləri artıq təkcə regional deyil, qlobal iqtisadi təhlükə kimi qəbul olunur. Çünki dünya neft daşımalarının böyük hissəsi məhz bu marşrutdan keçir və burada yaranan hər gərginlik Avropada enerji qiymətlərindən tutmuş logistika və inflyasiyaya qədər geniş mənfi təsir yaradır. Bu baxımdan, Aİ məsələni artıq birbaşa öz iqtisadi təhlükəsizliyi kontekstində qiymətləndirir”.
Politoloq qeyd edib ki, Aİ həm ABŞ-a sadiq olduğunu göstərir, həm də İranla məsafəli davranır:
“Digər tərəfdən, Avropa İranla tam qarşıdurma modelinə keçmək də istəmir. Çünki Brüssel anlayır ki, İranın tam təcrid olunması Yaxın Şərqdə daha böyük hərbi eskalasiyaya yol aça bilər. Ona görə də hazırkı sanksiyalar bir qədər “təzyiq və nəzarət balansı” kimi görünür. Yəni Avropa həm ABŞ-a yaxın mövqe nümayiş etdirir, həm də İrana mesaj verir ki, beynəlxalq enerji yollarına müdaxilə qlobal reaksiyasız qalmayacaq. Əgər Hörmüzdə vəziyyət daha da sərtləşərsə, Aİ daxilində İranla bağlı daha sərt xətt tərəfdarlarının sayı da arta bilər”.
Nurlan Cəfəri













