“Dünya sənin, dünya mənim, dünya heç kimin…” – Bu məşhur misraların müəllifi- xalq şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş “VII Şairlər Günü” adlı tədbir keçirilib.
Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbir ötən il daha geniş miqyasda, Türkiyə, Qırğızıstan, Özbəkistan, Gürcüstan, Ukrayna və Rusiyadan dəvət olunan qonaqların iştiraki ilə keçirilib.
Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin sədri Məhmət Nuri Parmaqçız, millət vəkili Qənirə Paşayeva. AMEA-nın vitse prezidenti İsa Həbibbəyli Məmməd Araz yaradıcılığının Azərbaycan poeziyasında əhəmiyyətindən danışıb, onu şeirləri ilə yad ediblər.
“Məndən ötən sənə dəydi, səndən ötən mənə dədi, səndən, məndən ötən daşlar, Vətən, Vətən sənə dəydi. Hər kəs bu torpağı sevir, amma bu torpaq üzərində gəzmək haqqı hər adama verilmir. Məmməd Araz bu haqqı qazanmışdı”, – deyən Qənirə Paşayevanın çıxışı alqışlarla qarşılanıb.
Qeyd edək ki, Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirin təşkilati dəstəyi Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başçılığı, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərkitab Kitab Təbliğat Mərkəzidir.
Cəvahir
Foto: Cəmalə Əlizadə